EN

BMT rəsmisi: Azərbaycanın sürətli infrastruktur inkişafı uzunmüddətli prosesdir

XANKƏNDİ, 16 oktyabr. TELEQRAF

Sürətli infrastruktur inkişafı Azərbaycanın əsas hissələrini Qarabağla birləşdirmək üçün zaman tələb edir.

Teleqraf-ın Xankəndiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Regionlararası Məsləhətçisi Katya Şefer Üçüncü Milli Şəhərsalma Forumunda (NUFA3) çıxışı zamanı deyib.

O qeyd edib ki, BMT-nin “UN-Habitat” proqramı bu anlayışı kənd və şəhər əraziləri arasında insanların, malların, xidmətlərin, maliyyə və ekoloji axınların qarşılıqlı mübadiləsi kimi izah edir:

“Bu proses regionları coğrafi sərhədlərdən kənarda birləşdirir, idarəetmə, resurs bölgüsü və infrastruktur planlaşdırması məsələlərini əhatə edir. Əsas çətinlik bu inkişafı balanslı şəkildə idarə etmək və hamı üçün bərabər imkanlar yaratmaqdır.

Qloballaşma və demoqrafik dəyişikliklər nəticəsində gənclər kəndlərdən köçür, yaşlı əhali isə geridə qalır. Bununla yanaşı, insanlar təkcə şəhərlərə deyil, həm də ikinci dərəcəli şəhərlərə köçürlər ki, bu şəhərlər kənd icmalarına xidmət edən tampon zonalara çevrilir.

Bu gün tələblər və ehtiyaclar dəyişir, uzaq bölgələrin ikinci dərəcəli şəhərlərlə əlaqələndirilməsi vacibdir. Rəqəmsallaşma da gəncləri əmək bazarına çıxarmaq üçün imkan yaradır.

Siyasət formalaşdırılarkən bu dinamikaları anlamaq vacibdir. İnfrastruktur yalnız fiziki bağlantı deyil — insanların bir-biri və mövcud imkanlarla əlaqəsini təmin etmək də əsasdır. Məsələn, Abşeron yarımadası çoxlu imkanlar səbəbilə əhalini cəlb edir, lakin bu potensialı regionlara da yaymaq lazımdır.

O əlavə edib ki, Peri-urban ərazilərdə (məsələn, Böyük Bakının kənarlarında) torpaq, su və tullantı problemləri yaranır və bunlar insanların sağlamlığına təsir edir:

“Bu səbəbdən şəhər və ətraf ərazilərin inteqrasiyası vacibdir.

Aralıq şəhərlər – məsələn, Sumqayıt, Gəncə və Şəmkir kimi – bu prosesdə mühüm rol oynayır. Azərbaycanın urbanizasiya siyasəti çərçivəsində bu şəhərlərin funksional rolu və inkişaf istiqamətləri müəyyən edilməlidir”.

Chosen
15
teleqraf.com

1Sources