Hərbi qulluqçular əyani təhsil almaqla əlaqədar (vəzifədə saxlanılması mümkün olmadığı hallarda) təhsil müddətində sərəncamda olacaqlar.
Publika.az xəbər verir ki, bu, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlara təklif edilən dəyişiklikdə əksini tapıb.
Qanun layihəsi ixtisaslaşmış hərbi qulluqçuların bilik və bacarıqlarından ölkəmizin müdafiəsində daha səmərəli və uzunmüddətli istifadəsinin təmin edilməsi məqsədilə hazırlanıb.
Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1074-VIQD nömrəli Qanunu ilə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq olaraq 156-cı və 41-ci maddələrinə “Qeyd” hissəsi əlavə edilmişdir. “Qeyd” hissəsinə əsasən, zabitlərin həqiqi hərbi xidmət dövründə Azərbaycan Respublikasının və xarici ölkələrin ali təhsil müəssisələrində magistratura (rezidentura), doktorantura (adyunktura) səviyyələri üzrə əyani təhsilalma müddəti, eləcə də ixtisasartırma, kadrların yenidən hazırlanması, stajkeçmə və kadrların təkmilləşdirilməsi üzrə əlavə təhsil müddəti bir ildən çox olduqda öz arzusu ilə ehtiyata buraxılma üçün nəzərdə tutulmuş 10 il müddətinə daxil edilmir.