EN

Prezident Beynəlxalq Konfransın iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı Asiya Mədəniyyət Şurasının 4-cü iclasının iştirakçılarına müraciət ünvanlayıb.

Müraciətdə deyilir:

"Hörmətli tədbir iştirakçıları!

Sizi Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı (ICAPP) Asiya Mədəniyyət Şurasının “Milli müxtəliflikdən qlobal həmrəyliyə: yeni dünya nizamında mədəniyyətin rolu” mövzusuna həsr olunmuş 4-cü iclasında ürəkdən salamlayıram.

Asiya qitəsi zəngin mədəni irsi, tarixi müxtəlifliyi və dinamik inkişaf potensialı ilə qlobal transformasiya proseslərini irəli aparmaq üçün geniş imkanlara malikdir. Bu coğrafiyanın xalqlarını təmsil edən siyasi partiyalar yalnız milli mədəni dəyərlərin qorunmasında deyil, həm də beynəlxalq əməkdaşlıq, qarşılıqlı hörmət və sivilizasiyalararası anlaşmanın təşviqində böyük rol oynayırlar.

ICAPP Asiya Mədəniyyət Şurası qitənin mədəniyyətlərarası dialoq potensialının üzə çıxarılmasında vacib platformadır. Asiya Mədəniyyət Şurasının budəfəki iclasının mərkəzi mövzusu bəşəriyyətin ən aktual prioritetləri ilə üst-üstə düşərək yeni qlobal nizamın humanist və inklüziv əsaslar üzərində qurulmasına xidmət edir.

Azərbaycan tarix boyu müxtəlif sivilizasiyaların qovuşduğu, mədəniyyətlərin, dinlərin və ənənələrin qarşılıqlı təsir mühitində formalaşdığı unikal bir məkan olmuşdur. Çoxmillətli və çoxkonfessiyalı ölkəmizin ictimai-siyasi inkişafında bütün dinlərin və etnik qrupların nümayəndələrinin qarşılıqlı hörmət, etimad və sülh şəraitində birgəyaşayışı mühüm rol oynamışdır. Multikulturalizm və tolerantlıq ənənələrinin qorunub saxlanması Azərbaycan cəmiyyətinin sosial-mədəni əsaslarının ayrılmaz tərkib hissəsidir və dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir.

Azərbaycan eyni zamanda beynəlxalq müstəvidə müxtəlif mədəniyyətlər arasında ahəngdar münasibətləri təşviq edir, sivilizasiyalararası dialoq zəminində davamlı olaraq bir sıra təşəbbüslər irəli sürür. Azərbaycanın ənənəvi olaraq ev sahibliyi etdiyi Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyət vasitəsilə sülhün təşviqinə yönələn beynəlxalq təşəbbüsləri dəstəkləyən mühüm platformaya çevrilmişdir.

Chosen
19
49
aznews.az

6Sources