EN

El Mundo: Ukrayna müharibəsinin sona çatması üçün beş mümkün ssenari...

İspaniyanın aparıcı nəşri Rusiyanın hərbi əməliyyatının uzanmasının tarixi miqyas aldığını yazır...

Poliqon xəbər verir ki, İspaniyanın “El Mundo” qəzeti Ukraynada artıq 1332 gündür davam edən Rusiya hərbi əməliyyatının gedişatını təhlil edərək, münaqişənin mümkün sonluqları barədə beş ssenari irəli sürüb. Qəzet yazır ki, bu müharibə artıq Koreya (1129 gün), yunan-türk (1246 gün) və İspaniya vətəndaş müharibəsi (988 gün) kimi silahlı toqquşmaları geridə qoyaraq, müasir dövrün ən uzun münaqişələrindən birinə çevrilib. Dördüncü qışa girən bu müharibənin gələcək istiqamətləri barədə “El Mundo” belə ehtimallar səsləndirir:

1. Donald Tramp kövrək sülhə məcbur edir

Nəşrə görə, ABŞ prezidenti Donald Tramp Rusiyaya ikincil sanksiyalar, Rusiya nefti alıcılarına təzyiq və Ukraynaya uzaqmənzilli silahların verilməsi kimi addımlarla təzyiq göstərə bilər. Lakin analitiklərin fikrincə, Putini yaxın perspektivdə real sülh sazişinə razı salmaq ehtimalı azdır, çünki Kreml üçün bu müharibə “mövcudluq məsələsinə” çevrilib və Putin hər hansı qiymətə döyüşü davam etdirəcək.

Karnegi Mərkəzi qeyd edir ki, “danışıqlar dalana dirənib, çünki Moskva hələ də geniş güzəştlər tələb edir”. Müharibə Araşdırmaları İnstitutu isə vurğulayır: “Danışıqlar müharibəni bitirə bilməz, yalnız onu dayandıra bilər.”

2. Müharibə NATO ölkələrinə sirayət edir

Qəzet qeyd edir ki, Rusiya hazırda Avropa üzərində hibrid təzyiq siyasətini gücləndirib. Hava məkanının pozulması, diversiyalar və kiberhücumlar artıq “boz zona” əməliyyatlarının tərkib hissəsinə çevrilib. “El Mundo” yazır ki, Moskva “odla oynayır”, çünki hər hansı hesablamadakı səhv NATO ilə birbaşa toqquşmaya gətirib çıxara bilər.

Bəzi Avropa xüsusi xidmət orqanları, o cümlədən Almaniya kəşfiyyatı, Rusiya tərəfindən Baltik ölkələrinə qarşı mümkün təxribatlara dair xəbərdarlıq edib.

3. Müharibə 2026-cı ilə qədər davam edir

Qəzetin fikrincə, ən real ssenarilərdən biridir. Nə Ukrayna təslim olmaq niyyətindədir, nə də Putin “qələbə” adlandırıla biləcək bir nəticə əldə etmədən geri çəkilə bilər.

Avropa ölkələri Ukraynanı maliyyə və hərbi yardımlarla dəstəkləməyə davam edir. Digər tərəfdən, Çin Rusiya iqtisadiyyatını neft alışı ilə, Şimali Koreya isə sursat tədarükü ilə dəstəkləyir.

4. Rusiya iqtisadiyyatı tənəzzülə uğrayır və Putin danışıqlara məcbur olur

“El Mundo” qeyd edir ki, son aylarda Rusiya hərbi iqtisadiyyatında ciddi geriləmə müşahidə olunur. Kreml daxilində də bu vəziyyətlə bağlı real narahatlıq yaranıb. Analitiklər gözləyirlər ki, 2026-cı ildə iqtisadi çətinliklər və əhalinin yoxsullaşması Rusiyanı uzunmüddətli müharibəni davam etdirmək imkanından məhrum edəcək.

Nəticədə Putin müharibəni bitirəcək razılaşma masasına oturmaq məcburiyyətində qala bilər.

5. Müttəfiq dəstəyi azalır və Ukrayna güzəştə getməyə məcbur olur

Son ssenariyə əsasən, Qərb ölkələrinin siyasi iradəsi və iqtisadi dəstəyi tükəndiyi halda, Ukrayna Rusiya tərəfindən irəli sürülən maksimalist tələbləri qəbul etməyə məcbur qala bilər.

Bu halda, “El Mundo” yazır ki, müharibə sülhlə deyil, məcburi razılaşma ilə bitəcək və bu, Avropanın təhlükəsizlik sistemini kökündən dəyişdirəcək.

Ekspertlərin yekdil fikrincə, Ukrayna müharibəsi hələ uzun müddət beynəlxalq siyasətin mərkəzində qalacaq, çünki tərəflərin heç biri indilikdə güzəştə hazır görünmür.

Poliqon.info

Chosen
27
poliqon.info

1Sources