EN

Kiçiklərin böyük dərsi

Yaşadığımız bir az şirin, bir az da acı olan bu dünyada həmişə görmüşük ki, kiçiklər böyüklərdən öyrənər. Əsrlərdir bu ənənə pozulmadan, yozulmadan davam edir. Yaşaya-yaşaya gəlib bugünkü zamanaya çatanda gördük ki, yox, heç də həmişə belə olmurmuş, indiki vaxtda böyüklər də balacalardan nəsə öyrənə bilərlər. Yaxud balacalar da böyüklərə nəyi isə öyrətməyi bacararlar. 

Ümumiyyətlə, belə götürəndə öyrənmək məsələsində yaşın elə də əhəmiyyəti yoxdur. Nə fərqi var ki, ya böyükdən öyrəndin, ya da kiçikdən. Əsas odur ki, yaxşı nə isə öyrənəsən, başını boş qoymayasan, əlinə düşmüş vaxtdan səmərəli istifadə edəsən,  papağı boş-boşuna günə verməyəsən, arada onu zəhmət tərinlə isladasan.

Harada oxumağımızdan asılı olmayaraq, müəllimlərimiz başca bizdən böyük olurlar. Biz də yaşa-başa baxmadan onlardan öyrənirik. Başqa sahələrdə olduğu kimi, klassik musiqidə də belədir. Bir də görürsən, cavan bir oğlan, ya da qız elə bir muğam oxuyur, elə zəngulə vurur ki, azman sənətkarların ağzı açıla qalır. 60-70 yaşlı xanəndələr də onların ifalarından nə isə öyrənirlər. 

Musiqidən söz düşmüşkən. Elə müğənnilər var ki, tez-tez qələmin, sözün tənqidinə tuş gəlirlər, təbii ki, canlı oxumaqdan qorxub fonoqrama üz tutanlar. Ac quş balası kimi ağzını yalandan açıb-yuman müğənniləri görən kimi təzyiqimiz qalxır. Belə anlarda üzümüzü televizora tutub xəyalən həmin müğənnilərlə danışırmış kimi deyirik ki, səsiniz varsa, kişi kimi, qadın kimi mərdi-mərdanə çıxın canlı oxuyun. Tamaşaçıları gözəl səsinizlə, nazlı avazınızla, zəngulələrinizlə feyziyab eləyin, sənəti zirvələrə qaldırın. Yox, əgər səsiniz yoxdursa, fonoqramla camaatı dolamayın.

Bu yaxınlarda muğam müsabiqəsi oldu. Yəqin ki, onu seyr edən "böyük "müğənni"lər kiçikyaşlı uşaqların necə məharətlə oxuduqlarını görüb az da olsa utandılar və onlardan yaxşıca dərs aldılar. Musiqi məktəbinin yetirmələri olan 10-12 yaşlı uşaqlar fonoqramsız-filansız oxuyaraq tamaşaçılara unudulmaz anlar yaşatdılar, zövq verdilər. 

Bax, mahnı oxumaq, muğam ifa eləmək buna deyərlər. Yoxsa, bir də görürsən yaşlı, xeyli ad-san almış müğənni çıxdı efirə. Guya kişinin oğlu, yaxud qızı oxumağa gəlib. Mikrofonu əlinə alıb düşür ortaya və başlayır yalandan-palandan ağzını açıb-yummağa. Sonra da oturub aparıcının suallarına cavab verir, sənətdən, sənətkarlıqdan dəm vurur. Fonoqramla oxumağı bir yana, sənətdən, muğamdan danışmağı adamı lap yandırıb-yaxır. Belələrinə demək istəyirsən ki, böyüklərdən öyrənmirsiniz, özünüz bilərsiniz, barı, uşaqlardan dərs götürün. 

Uşaqlar demişkən. O gün parkda gəzirdik. Bir baba da nəvəsi ilə parkda dincəlirdi. Nəvə babaya suallar verir, o da bildiklərindən uşağın suallarına aydınlıq gətirirdi. Babanın bir işindən xoşumuz gəlmədi ki, o, nəvəsi ilə danışa-danışa siqaret çəkirdi. İstədik deyək ki, ay ağsaqqal, körpənin yanında siqaret çəkmə, acı tüstünlə onu zəhərləmə, sonra necə oldusa, fikrimizi dəyişdik. Fikirləşdik ki, sözlərimiz ağsaqqalın xətrinə dəyər, deyər nə işinizə. Lakin bizim baba ilə etmək istədiyimiz tərbiyə söhbətini elə nəvəsi etdi. Babasının siqaretini çəkib kötüyünü yerə tulladığını  görən nəvə onu yerdən götürüb qaça-qaça aparıb yaxınlıqdakı zibil qabına atdı. Sonra da dedi: 

- Baba, parkı çirkləndirmək olmaz! Bağçada müəllimə həmişə bizə deyir ki, heç vaxt zibili yerə atmayın. Başqalarına da bunu deyin. 

Uşağın babasına əməlli-başlı dərs verdiyini görəndə ürəyimiz qürurla doldu, xeyli sevindik. Fikirləşdik ki, deyəsən, zəmanə tərsinə dövran edir. Əvvəllər böyüklər kiçiklərə dərs verirdi, indi isə əksinədir. Belə götürəndə, çox öyrənməyin heç bir ziyanı yoxdur. Həm də fərqi yoxdur, ya böyükdən öyrəndin, ya da kiçikdən. Əsas odur ki, dərs yaxşı dərs olsun və sən də ondan nə isə öyrənib düzgün nəticə çıxarasan. 

Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

1Sources