Ankara İsraillə Fələstinin HƏMAS hərəkatı arasında əldə olunan atəşkəs razılaşmasının icrası istiqamətində fəal səylər göstərir.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən Türkiyə-Afrika Biznes və İqtisadi Forumunda çıxışı zamanı deyib.
"Biz HƏMAS və İsrail arasında əldə olunan razılaşmanın uzunmüddətli olması və qalıcı sülhün əsasının qoyulması üçün bütün səylərimizi səfərbər etmişik. İsrailin etibarsız davranışlarına görə ehtiyatı əldən vermirik, diqqətli olmağa davam edirik. Qəzzanın yaralarının tezliklə sağalması və bölgənin yenidən ayağa qalxması vacibdir", - Ərdoğan vurğulayıb.
Qeyd edək ki, oktyabrın 9-da İsrail və HƏMAS arasında atəşkəs razılaşması əldə olunub.
Oktyabrın 13-də Şarm əl-Şeyxdə Türkiyə, ABŞ və Misir liderləri tərəfindən "Niyyət Bəyanaməsi" imzalanıb. Sazişin əsas məqsədi Qəzzada müharibəyə son qoymaqdır.