EN

TƏBİB rəhbəri vəziyyəti analiz etsə, ərizə yazıb işdən gedər -Sabiq deputat


"TƏBİB-in rəhbəri Vüqar Qurbanov eşitsin: Bu, bizi hörmətdən salır. O adam yerində deyil. Düşüncəsi səhvdir. Xalqına olan münasibətdə qüsur var".

Medicina.az xəbər verir ki, bu sözləri Tibb elmləri doktoru, professor, sabiq millət vəkili Südeyf İmamverdiyev "BakuPost"un efirində deyib.

"TƏBİB -in rəhbəri, düzgün, məntiqli şəkildə, milli şüurla vəziyyəti analiz etsə ərizəsini yazıb işdən ayrılar ki, mən bu işi bacarmıram, öz xalqımın qarşısında biabir ola bilmərəm.

Onu deyə bilərəm ki, indi elə əcaib, qeyri-hüquqi, qeyri-rasional idarəetmə var ki, artıq səhiyyə müəssisələrinə gələnlərə xəstə kimi yox, bankomat kimi, yəni maliyyə mənbəyi kimi baxılır.

Əgər hər kəsin dünyada olduğu kimi tibbi sığorta kartı (yaşıl kart) olsa və tibb işçilərinin maaşı vahid tarif cədvəlinə görə verilsə, sığortadan asılı olmasa, belə acınacaqlı vəziyyət yaranmaz.

Belə güman edilir ki, İcbari Tibbi Sığorta Agentliyi və TƏBİB tərəfindən adıçəkilən kartlar məqsədli şəkildə pasiyentlərə verilmir ki, Tibbi Sığortaya ayrılmış və hər ay işçilərin maaşından tutulan vəsait bax beləcə, kimlərəsə sərf edilən şəkildə "silinsin". Kimi dindirirsən, hamı tibbi xidmətdə olan yarıtmaz vəziyyətdən danışır.

Bütün problemlərin kökü məhz bu vəsaitin necə xərclənməsi, xəstənin əlindən məqsədli şəkildə alınmasıdır.

Otto Bismark bilsəydi ki, TƏBİB tibbi sığorta nı belə yarıtmaz vəziyyətə salacaq, o zaman başına bir yekə daş vurardı.

Tibb işçilərinin maaşına Sığortadan əlavələr Təcili tibbi yardımda tətbiq edilən şəkildə digər səhiyyə müəssisələrinədə aid edilsəydi, fikrimcə vəziyyət qismən də olsa müsbətə doğru dəyişərdi. Deyirlər ki, həkim çatışmır. Qanunvericiliyə görə, ali tibbi təhsili olub diplomu olan şəxs tibbi fəaliyyətlə məşğul ola bilər. Bəs, işə qəbul niyə imtahanla aparılır?

Onu da deyim ki, gigiyena, epidemiologiya, kommunal gigiyena (bura kanalizasiya sistemi də aiddir) ixtisasları üzrə rezidentura nəzərdə tutulur, ancaq bir çağırışda kardioloq, birində ginekoloq, birində pediatr, birində travmotoloq və s. olmağa çalışan təcili tibbi həkimi üçün isə nəzərdə tutulmur.

Əmək Məcəlləsinin "70e" maddəsi artıq çoxdandır ki, bəzi səhiyyə rəhbərləri tərəfindən rüşvət və korrupsiya çarxı kimi fırladılır. Söhbət 65 yaşdan yuxarı çalışmanın uzadılmasından gedir", - deyə sabiq deputat əlavə edib.




Chosen
29
4
medicina.az

10Sources