EN

Sədaqət Qəhrəmanova: Ailələrdə yaranan sosial problemlərin həlli istiqamətində bələdiyyələrin rolu mühüm əhəmiyyət daşıyır

Bakı, 20 oktyabr, AZƏRTAC

Azərbaycan ilə Türkiyə arasında ailə, qadın və uşaq siyasəti sahəsində uzunmüddətli, səmərəli əməkdaşlığın həyata keçirilməsi iki ölkənin təcrübə mübadiləsinin davamlı xarakter daşıdığını göstərir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında ailə, qadın və uşaq məsələləri üzrə siyasət sahəsində Əməkdaşlıq Protokolu çərçivəsində qəbul edilmiş Fəaliyyət Planına əsasən keçirilən təlimdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova söyləyib.

Onun sözlərinə görə, bu gün bələdiyyə nümayəndələrinin iştirakı ilə keçirilən görüşün məqsədi ailə, qadın və uşaq məsələlərinə yerli səviyyədə diqqətin artırılması, bu sahədə bələdiyyələrin fəaliyyətinin gücləndirilməsidir.

S.Qəhrəmanova vurğulayıb ki, bələdiyyələr yalnız təsərrüfat məsələlərinə deyil, həm də ailə və sosial problemlərin həllinə həssas yanaşmalıdırlar.

O, məişət zorakılığı, boşanma hallarının artması və ailədaxili münasibətlərdə yaranan ziddiyyətlərə də toxunaraq bildirib ki, belə problemlərin qarşısının alınması üçün həm maarifləndirmə, həm də preventiv tədbirlərin gücləndirilməsi vacibdir. “Məişət zorakılığı təkcə qadınlara deyil, bəzən kişilərə də təsir göstərir. Bizə hər iki tərəfdən müraciətlər daxil olur. Bu halların qarşısını almaq üçün məsələ böyümədən, ailə münaqişəsinə çevrilmədən əvvəlcədən müdaxilə və izahat işləri aparılmalıdır”, – deyə Sədaqət Qəhrəmanova əlavə edib.

Sonda o, ailə institutunun möhkəmləndirilməsində və gender bərabərliyinin təmin olunmasında bələdiyyələrin fəal iştirakının əhəmiyyətini vurğulayıb.

Chosen
22
1
azertag.az

2Sources