21 oktyabr 2025-ci il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən taksi sürücüləri, avtomobil ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxsləri və beynəlxalq yük daşımalarını həyata keçirən sürücülərin hazırlıq səviyyəsinin qiymətləndirilməsi məqsədilə imtahanlar təşkil olunacaq.
Publika.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.
Qeyd olunub ki, imtahanlarda iştirak etmək üçün ümumilikdə 1624 (taksi – 1550, yükdaşıma – 44, operator – 30 ) nəfər qeydiyyatdan keçib.
İmtahanın keçirilməsi üçün 20 imtahan rəhbəri, 109 nəzarətçi və 13 buraxılış rejimi əməkdaşı ayrılıb.
Xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün imtahan Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50. TÜRKPA-nın yanı), DİM-in Gəncə Regional Bölməsində (I növbə) vəGəncə şəhər Vaqif Əliyev adına 12 nömrəli tam orta məktəbdə (II növbə) keçiriləcək. Avtomobil ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxsləri və beynəlxalq yük daşımalarını həyata keçirən sürücülərin xüsusi hazırlığının nəticələrinin qiymətləndirilməsi imtahanları isə Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda kompüterlər vasitəsilə keçiriləcək.