EN

Analitik: Aİ daxilində Gürcüstana münasibətdə vahid mövqe yoxdur

Bu gün Avropa İttifaqının (Aİ) Xarici İşlər Nazirləri Şurasının Lüksemburqda keçiriləcək iclasında Gürcüstanla bağlı da müzakirələr aparılacaq.
Bu barədə qurumun rəsmi saytında bildirilib.
Qeyd olunub ki, ali nümayəndə nazirləri oktyabrın 4-də keçirilmiş bələdiyyə seçkiləri və davam edən demokratik geriləmə də daxil olmaqla Gürcüstandakı son vəziyyətlə bağlı məlumatlandıracaq.
Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın sədrliyi ilə keçiriləcək toplantının gündəliyində Yaxın Şərqdə vəziyyət, Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı son hadisələr də yer alıb.

Siyasi şərhçi Elmir Səftərov Sherg.az-a söyləyib ki, Avropa İttifaqının təşkilatçılığı ilə keçiriləcək Mərkəzi Asiya və Qara dəniz ölkələrinin xarici işlər nazirlərinin toplantısına Gürcüstanın XİN rəhbərinin dəvət edilməməsi tərəflər arasında siyasi dialoqun zəiflədiyini göstərir:

"Bu, son illərdə Aİ–Gürcüstan münasibətlərində müşahidə olunan soyuqluğun növbəti təzahürü kimi qiymətləndirilir. Əlaqələrdəki əsas dönüş nöqtəsi 2024-cü ildə keçirilən parlament seçkilərindən sonra baş verdi. Avropa İttifaqı seçki prosesini və nəticələrini tənqid edərək demokratik prinsiplərin pozulduğunu bildirdi. Tbilisi isə bu tənqidləri qərəzli hesab etdi və Aİ-ni hökumətin seçki qələbəsini qəbul etməməkdə günahlandırdı. Sonrakı dövrdə viza rejiminin liberallaşmasının dayandırılması, yüksək səviyyəli görüşlərdən Gürcüstan rəsmilərinin kənarda qalması və maliyyə əməkdaşlığının məhdudlaşdırılması münasibətləri daha da gərginləşdirdi. Rəsmi Tbilisi bu addımları Avropa tərəfinin siyasi təzyiqi kimi dəyərləndirdi və bildirdi ki, artıq Gürcüstanın Aİ-yə deyil, əksinə Aİ-nin Gürcüstana ehtiyacı var. Bu yanaşmanın arxasında Tbilisinin Qərbin Ukraynadakı müharibə ilə bağlı birgə siyasətinə qoşulmaması, həmçinin Ukraynadakı müharibə fonunda neytral mövqeyi dayanır. Bu gün Lüksemburqda keçiriləcək Aİ Xarici İşlər Nazirləri Şurasında Ukraynaya dəstək, regional təhlükəsizlik və geosiyasi məsələlərlə yanaşı, Gürcüstanla bağlı vəziyyət də müzakirə olunacaq".

Analitiki fikrincə, iclasda Gürcüstan hökumətinə demokratik prinsiplərə əməl etməyə, söz və mətbuat azadlığını qorumağa çağırışlar səslənə bilər:
"Həmçinin viza, maliyyə yardımı və inteqrasiya prosesləri üzrə məhdudiyyətlərin tətbiqi də istisna edilmir. Daha sərt ssenari kimi ölkəyə və bəzi rəsmi şəxslərinə qarşı hədəfli sanksiyaların gündəmə gətirilməsi mümkündür. Bununla belə Aİ daxilində Gürcüstan məsələsinə münasibətdə vahid mövqe yoxdur. Bəzi ölkələr sərt tədbirləri dəstəkləsə də, digərləri ehtiyatlı davranmağın tərəfdarıdır. Bu səbəbdən qəbul ediləcək qərarlar tərəflər arasındakı razılaşmalardan asılı olacaq".
Chosen
121
sherg.az

1Sources