EN

Tramp Hindistana bir daha xəbərdarlıq edib: Rusiya nefti alsanız, böyük rüsum ödəyəcəksiniz...

ABŞ prezidenti Narendra Modi ilə danışdığını bildirib, lakin Dehli bu barədə məlumatı təkzib edib...

Poliqon Reuters-ə istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Hindistanı Rusiyadan neft alışı ilə bağlı sərt şəkildə xəbərdar edib. O, jurnalistlərlə “Air Force One” təyyarəsində söhbətində bildirib ki, əgər Nyu-Dehli Rusiya neftindən imtina etməzsə, “böyük rüsumlar” ödəməkdə davam edəcək.

“Baş nazir [Narendra] Modi ilə danışdım, o dedi ki, Rusiya nefti ilə məşğul olmaq niyyətində deyil”, deyə Tramp bildirib.

ABŞ liderinin sözlərinə görə, Modi 15 oktyabrda baş tutan telefon danışığında Rusiyadan neft almayacağına söz verib.

Lakin ertəsi gün Hindistan Xarici İşlər Nazirliyi həmin telefon danışığından xəbərdar olmadıqlarını bəyan edib. Jurnalistlərin bu açıqlamaya münasibətini soruşduqda Tramp belə cavab verib: “Əgər onlar belə danışmaq istəyirlərsə, sadəcə böyük rüsumlar ödəməyə davam edəcəklər, amma onlar bunu istəmirlər”.

Hindistan XİN isə bildirib ki, ölkə öz istehlakçılarının maraqlarını, sabit qiymətləri və enerji təchizatının etibarlılığını prioritet sayır.

Kreml sözçüsü Dmitri Peskov Trampın açıqlamasına münasibət bildirərək qeyd edib ki, Moskva yalnız Nyu-Dehlidən gələn rəsmi bəyanatlara əsaslanır.

Xatırladaq ki, Tramp avqust ayında Hindistandan idxal olunan mallara əlavə 25 faizlik rüsum tətbiq etmişdi. Bununla da ümumi gömrük rüsumu 50 faizə yüksəlmişdi. ABŞ prezidenti bu addımı belə əsaslandırmışdı: “Hindistan hökuməti hazırda birbaşa və ya dolayı şəkildə Rusiyadan neft idxal edir”.

Poliqon.info

Chosen
134
50
poliqon.info

10Sources