"İslam dinində birmənalı olaraq, intihar qadağandır, intihar etmək haramdır. Axirətdə böyük əzabı, cəzası var. Çünki bədən insana verilmiş əmanətdir. Başqasının canına qəsd etmək, canına qıymaq necə qadağandırsa, insanın öz canına da xəsarət yetirməsi və öz canına qəsd etməsi də qadağandır. Peyğəmbərin (s.ə.s) dediyi hədislərə görə, bir insan öz bədəninə necə xəsarət yetirərək hansı üsulla intihar etmişdirsə, axirətdə cəza olaraq həmin üsulla ona əzab edilər. Bu axirətdəki əzabın böyüklüyünü göstərir".
Bu sözləri Sonxeber.az-a açıqlamasında ilahiyyat üzrə fəlsəfə doktoru Əhməd Niyazov deyib. O, bildirib ki, intiharın nəticəsinə gəldikdə, ümumiyyətlə bütün İslam tarixi boyu alimlər, intihar edənin intihar etdiyi anda sağlam bir düşüncədə olmadığı qənaətinə gəliblər:
"Biz buna ağıl tutulması da deyirik. İnsanın sağlam düşüncəsinin olmadığı bir məqamda intihar etməsi halında onun cənazə namazının qılınması lazımdır. İntihar özü çox böyük faciə olsa da, müsəlmanların cənazə namazının qılınması fərzdir. Peyğəmbərin (s.ə.s) dediyi hər "la iləhe illallah" deyənin cənazə namazını qılın hədisi-şərifinə görə, müsəlman alimləri bildirirlər ki, bir şəxs intihar edərsə onun əzabı və günahı Allaha aiddir. Ancaq onun intihar etdiyi anda hansı düşüncə ilə, hansı məqamda etdiyini biz bilmirik. Buna görə də bizim üzərimizə düşən vəzifə "la iləhe illallah" deyən şəxsin cənazə namazını qılmaqdır".
Əhməd Niyazovun sözlərinə görə, biz cənazə namazını qılıb Allahdan onun bağışlanmasını diləməliyik:
" Amma onun aqibəti və axirət dünyası Allaha aiddir. Alimlər birmənalı olaraq, bəli intihar günahdır, haramdır, axirətdə böyük bir cəzası var, Allahın qadağan etdiyi bir məsələdir deyirlər, ancaq intihar edənin namazını da qılırlar".
BiG.Az