EN

Dabaq xəstəliyi nədir? Yoluxucudurmu? Qarşısını almaq üçün hansı tədbirlər görülməlidir? Rəsmi açıqlama

Bizimyol saytından verilən məlumata görə, ain.az xəbər verir.

Son günlər ölkənin müxtəlif bölgələrində mal-qarada dabaq xəstəliyinin sürətlə yayılması və kütləvi tələfat halları müşahidə olunur. Bir neçə gün öncə Xaçmazda mal-qara arasında dabaq xəstəliyin yayılması ilə bağlı mətbuatda xəbərlər gedib. Bildirilib ki, rayon ərazisində bununla bağlı ət kəsimi məntəqələrinə ciddi nəzarət edilir, ayrı-ayrı kəndlərdə karantin qoyulduğu barədə məlumatlar yayılıb.Dabaq xəstəliyi nədir?Dabaq xəstəliyi heyvanlar arasında bu virus necə və niyə yayılır?Dabaq xəstəliyinin qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?

Məsələ ilə bağlı Bizimyol.info portalına açıqlama verən Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin rəisi vəzifəsini icra edən Yusif İbrahimov bildirib ki, heyvanlar arasında yayılan bu virus torpaq və peyində həftələrlə aktiv qala bilir: “Dabaq yolxucu virus xəstəliyidir bütün cütdırnaqlı heyvanlarda, əsasən iri və xırdabuynuzlu heyvanlarda rast gəlinir. Virus ağız boşluğunda, məmə uclarında və dırnaqlar arasında ağrılı yaralar yaradır, yüksək hərarət və məhsuldarlığın kəskin azalması ilə müşayiət olunur. Yoluxma əsasən xəstə heyvanla birbaşa təmas, virusla çirklənmiş yem-su, invertar, personalın geyimləri və hava-damcı yolu ilə mümkündür. Virus torpaq və peyində həftələrlə aktiv qala bilir.

Dabaq xəstəliyi respublikamız üçün endemik xəstəlikdir. Yəni bu xəstəliyin viruslarının xəstəliyə həssas heyvanlar arasında və ətraf mühitdə dövr etməsi riskləri hər zaman var. Dabaq həm də transsərhəd xəstəlikdir, virus külək vasitəsi ilə quruda hətta dənizlərin üzərindən belə kilometrlərlə məsafədən ətrafa yayıla bilər və qonşu dövlətlərin ərazisindən ölkə ərazisinə keçə bilər. Həmçinin tranzit və digər avtomobillərin üzərində keçə bilər. Peyvəndlənmədən yayındırılmış, müxtəlif səbəblərdən peyvəndlənməmiş və peyvəndləmə tədbirləri nəzərdə tutulmayan digər ölkələrdən idxal olunan heyvanlar arasında müşahidə oluna bilər.

Fermerlər xəstəliyə şübhəli əlamətlərlə rastaşdıqda, məsələn; ağızda, burun aynasında, dildə, məmə uclarında aftalara (suluqlara), dırnaq aralarında yaralara rast gəldikdə dərhal baytar həkimlərinə, ərazi üzrə Heyvan Sağlamlığı və baytarlıq Xidməti idarələrinə, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) regional idarələrinə məlumat verməlidir. Xəstəliyə şübhəli heyvanı digərlərindən ayırmalıdırlar. Baytarlıq xidməti əraziyə gələnə qədər özü sadə bir üsulla, adi çay sodası ilə dezinfeksiya işləri apara bilər, həmçinin heyvanın ağzını, məmə uclarını, dırnaq aralarını soda məhlulu ilə yuya bilər. Soda beynəlxalq təcrübə də tövsiyə olunan vasitədir. Ancaq sonunda mütləq rayon Heyvan Sağlamlığı və Baytarlıq İdarələrinin (HSBX) mütəxəssislərinin iştirakı ilə lazımi tədbirlər və simtomatik müalicə aparılmalıdır. Fermerlərin nəzərinə çatdırmaq istəyirik ki, rayon Heyvan Sağlamlığı və Baytarlıq İdarəsi (HSBX) idarələrinin mütəxəssisləri hər bir çağırışa diqqətlə yanaşır və fermerin yanında olaraq lazımi köməyi göstərərək, tövsiyələri verirlər”.

Yusif İbrahimov

Yusif İbrahimov vurğulayıb ki, heyvanlarını mütləq peyvəndləməyə cəlb etsinlər: “Fermerlərə buradan çağırış etmək istəyirik ki, heyvanlarını mütləq peyvəndləməyə cəlb etsinlər və baytar həkimlərinə peyvəndləmə aparmaq üçün şərait yaratsınlar. Əlavə olaraq bildiririk ki, hazırda bölgələrdə dabaq xəstəliyinə qarşı peyvəndləmə tədbirləri epizootik tədbirlər planına uyğun olaraq davam etdirilir.

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin heyvan sağlamlığını təmin edən qurumları daim fermerlərin yanındadır bütün xəstəliklər üzrə lazımi dəstəyi göstərir və göstərməyə davam edəcəkdir”.

Günel Həsənova, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
19
2
icma.az

10Sources