Ajans.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə baş tutan iclasda hökm elan edilərək Elmidar Məmmədquliyev və Qismət Nağıyevin hər biri 7 il 9 ay müddətə azadlıqdan məhrum edilib. Aparılmış istintaqla müəyyən edilib ki, 2024-cü ilin iyununda yetkinlik yaşına çatmayan Qismət Nağıyev və Elmidar Məmmədquliyev doğum gününü qeyd etmək məqsədilə restorana gediblər. Gecə saatlarında restoranın yaxınlığında tanışları ilə birlikdə olduqları vaxt, sərxoş vəziyyətdə olan Nicat Bədəlovla aralarında mübahisə yaranıb. Mübahisəni aydınlaşdırmaq məqsədilə tərəflər metronun "Əcəmi" stansiyasının yaxınlığına gediblər. Orada Elmidar Məmmədquliyev bıçaqla Nicat Bədəlova hücum edərək onu qarın və bud nahiyəsindən yaralayıb. Nicat hadisə yerindən qaçsa da, sonradan xəstəxanada ölüb. Hadisədən sonra Elmidar Məmmədquliyev və Qismət Nağıyev saxlanılıblar. Hər ikisinə qarşı Cinayət Məcəlləsinin 120.2.1, 120.2.2 və 228.4-cü maddələri ilə ittiham irəli sürülüb.