EN

Şəhər içində şəhər ucalır 

Adam gözlərinə inana bilmir. Çox yox, iki il yarım əvvəl bura bomboş ərazi idi. İndi isə nəhəng tikinti meydançasına çevrilib. Bir tərəfdə kranlar çoxmərtəbəli binaların yuxarı mərtəbələrinə müxtəlif tikinti materiallarını qaldırır, bir tərəfdə binaların fasadları rənglənir, digər tərəfdə səkilər, yollar çəkilir, məhəllələrdə işıqlandırma sistemləri, uşaq əyləncə yerləri, yaşıl örtüklü voleybol meydançası, söhbətgahlar quraşdırılır və başqa işlər görülür. 

Söhbət Şirvan şəhərində salınan Yeni Şirvan yaşayış kompleksindən gedir. Azərbaycan Respublikası Mənzil İnşaat Dövlət Agentliyinin (MİDA) həyata keçirdiyi layihə çərçivəsində ümumi ərazisi 8,11 hektar olan kompleksdə 11-i onikimərtəbəli, 14-ü doqquzmərtəbəli olmaqla 25 yaşayış binası ucaldılır. Bunlardan başqa, kompleksdə 960 şagirdlik tam orta məktəb, uşaq bağçası və digər sosial əhəmiyyətli obyektlər inşa ediləcək.

Yaşayış kompleksində 1264 mənzil olacaq ki, onların da 32-si studio tipli, 216-sı ikiotaqlı, 768-i üçotaqlı, 248-i dördotaqlıdır. Studio tipli mənzillərin sahəsi 40,1, ikiotaqlı mənzillərin sahəsi 57,7, üçotaqlıların 72,8-76,7, dördotaqlıların sahəsi isə 98,7-114,6 kvadratmetrdir. 

Qeyd etmək lazımdır ki, obyektdə görülən işlərin keyfiyyətinə nəzarət Mənzil İstismar Agentliyinin işçiləri tərəfindən ciddi şəkildə həyata keçirilir. Bu məqsədlə tikintidə iştirak edən 8 şirkətin məsul işçiləri ilə, demək olar ki, hər gün görüşlər keçirilir, ətraflı söhbətlər aparılır. Onlara izah edilir ki, respublikamız seysmik zonada yerləşdiyi üçün burada aparılan işlərə çox məsuliyyətlə yanaşılmalıdır. Bu baxımdan istifadə olunan armaturların, sement-beton qarışığının və başqa materialların keyfiyyəti diqqətdə saxlanılır. 

Mənzillərin bir neçəsinə baş çəkdik. 3-4 otaqlı mənzillərin hər birində 2 sanitar qovşağı var. Divarlarına keyfiyyətli kafellər vurulur, döşəməsinə metlak döşənir. Qoyulan qapılar Belarus istehsalıdır. Hər bir otağa taxta döşəmənin üstündən laminat düzülür. Hazır olan mənzillərin mətbəx otağı və sanitar qovşaqları müvafiq ləvazimatlarla təchiz edilib. Divarlara zövqlə aboy çəkilib. Hər bir mənzilin eyvanında kombi istilik sistemi quraşdırılacaq. Artıq qaz xətti çəkilib. "MİDA" MMC-nin Tikintiyə Texniki Nəzarət Şöbəsinin mühəndisi Akif Quliyevin dediyindən məlum oldu ki, kompleksdəki 1264 mənzilin hər birində belə şərait olacaq. 

Otaqları gəzib tanış olduqca adamın ürəyindən belə bir fikir keçir: "Allah hamıya belə bir mənzil qismət eləsin". Onu da düşünürsən ki, dövlətimiz Qarabağda misli görünməmiş miqyasda quruculuq işləri aparmaqla yanaşı, regionlarımızı da diqqətdən kənarda qoymur. Təkcə Şirvan şəhərində deyil, digər rayonlarımızda da tikinti-quruculuq, abadlıq işləri aparılır. 

İlin sonuna kimi kompleksin istifadəyə verilməsi planlaşdırılıb. İşlərin, demək olar ki, 90 faizi başa çatdırılıb. Yol, su, kanalizasiya, işıq, qaz, infrastruktur məsələləri həll olunub. 

Bax beləcə ölkəmizin sənaye şəhəri Şirvan böyüyür, inkişaf edir, boy atır. Bütün bunlar hər kəsdə xoş əhvali-ruhiyyə, ovqat yaradır. 

Gün keçir, vaxt ötür, illər dolanır. 

Zaman ötüb keçir, tarix qocalır. 

Gəncləşən Şirvanın qoynunda bu gün 

Şəhərin içində şəhər ucalır.

Seyran CAVADOV, 

"Azərbaycan"

1Sources