EN

Ramiz Mehdiyevi xilas edə biləcək heç kim qalmayıb-SƏRT AÇIQLAMA

Son günlər Azərbaycan ictimai-siyasi gündəminin əsas müzakirə mövzularından biri sabiq yüksək vəzifəli şəxs, keçmiş AMEA prezidenti Ramiz Mehdiyevlə bağlı irəli sürülən ittihamlardır. Dövlətə xəyanət və dövlət çevrilişinə cəhd kimi ağır maddələr üzrə başlanmış istintaq prosesi ölkənin siyasi tarixində mühüm hadisə kimi qiymətləndirilir.
Ekspertlər hesab edirlər ki, bu proses təkcə bir fərdin məsuliyyətə cəlb olunması deyil, həm də dövlət idarəçiliyində şəffaflıq, məsuliyyət və siyasi etimad prinsiplərinin möhkəmləndirilməsi baxımından əhəmiyyət daşıyır.

Mövzu ilə bağlı siyasi analitik Aydın Quliyev Editor.az-a geniş açıqlama verib.

Siyasi analitik Aydın Quliyev bildirib ki, irəli sürülmüş ittiham aktına əsasən Ramiz Mehdiyevin günahları və məsuliyyəti ağır xarakter daşıyır və bu əməllər bağışlanmazdır:

“İttiham maddələrinin arxasında hansı konkret faktların dayandığı hələlik ictimaiyyətə məlum deyil. Lakin maddələrin mahiyyətinə baxdıqda görünür ki, Mehdiyev bu əməlləri təkbaşına həyata keçirməyib. Xüsusilə dövlətə xəyanət və dövlət çevrilişinə cəhd kimi ittihamlar təklikdə baş verə bilməz. Belə hallarda onun əlaltılarının və köməkçilərinin olması istisna edilmir. Konkret cinayət və qanun pozuntularına dair faktlar yalnız istintaqın gedişində tam şəkildə üzə çıxacaq”.

Analitik qeyd edib ki, Mehdiyevin fəaliyyəti boyu dövlətin etimadını sarsıdan davranışlara yol verməsi diqqətəlayiqdir:

“O, əvvəlcə tutduğu yüksək vəzifələrin imkanlarından istifadə edərək böyük əmlak topladı, daha sonra isə ya acgözlükdən, ya da siyasi ambisiyalardan irəli gələn hərəkətlərlə dövlət çevrilişinə cəhd kimi qiymətləndirilə biləcək əməllərə baş vurdu. Hüquq baxımından bu, açıq şəkildə cinayətdir. Əgər o, özünü müdafiə etməyə çalışsa, hansı arqumentlərə əsaslanacağını də demək çox çətindir”.

Aydın Quliyev əlavə edib ki, Mehdiyevin vəziyyətini yüngülləşdirən hallar tapmaq demək olar mümkünsüzdür:

“O, bütün karyerası ərzində ona kömək edə biləcək müsbət amilləri tədricən aradan qaldırıb, arxasında dəstək dayaqları qoymayıb. Bu gün onu xilas edə biləcək real faktor görmək çətindir. Mən bu fikirləri indi demirəm — hələ 2005-ci ilin parlament seçkiləri dövründə televiziya çıxışımda onun fəaliyyətini təhlil etmişdim. O vaxt səsləndirdiyim fikirlər bu gün reallıq kimi qarşımızdadır”.

//Gülnarə Abasova, Editor.az

Chosen
35
50
editor.az

10Sources