Yaxın aylarda Azərbaycanda Kosmik Aparatların İnkişafı Mərkəzinin tikintisinə start veriləcək. Bu barədə “Azərkosmos”un İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Dunay Bədirxanov “Kosmosdan gələn imkanlar: Kosmik müşahidəmizin sosial-iqtisadi inkişafa töhfəsinin 10 ili” adlı tədbirdə çıxışı zamanı deyib.
D. Bədirxanov bildirib ki, Azərbaycan yaxın gələcəkdə peyklərin istehsalını həyata keçirməyi planlaşdırır. SİTAT: “Artıq bu istiqamətdə ilk addımlar atılıb. “Tədqiqat və İnkişaf” komandamız son bir il yarım ərzində İsraildə “Azersky-2” layihəsi çərçivəsində peyk istehsalı üzrə intensiv təlimlər keçib. Peyk istehsalı zavodu və işçi heyəti üçün nəzərdə tutulan Kosmik Aparatların İnkişafı Mərkəzinin dizayn və layihələndirmə mərhələsi tamamlanıb. Mərkəzin tikiləcəyi yer artıq müəyyənləşdirilib və yaxın aylarda tikintiyə başlanılacaq. Yeni peykimizin daşıyıcı raketi kimi “SpaceX” şirkətini seçmişik” - D. Bədirxanov bildirib.
Mətləb Salahov