Türkiyə, Azərbaycan, Misir və İndoneziyanın Qəzzada müharibədən sonra təhlükəsizliyi təmin etmək üçün yaradılacaq beynəlxalq sülh missiyasına qoşulacağı açıqlanıb.
Britaniyanın “The Guardian” qəzeti diplomatik mənbələrə istinadən yazıb ki, Qəzzada təhlükəsizliyi təmin etməyi planlaşdıran beynəlxalq sülhməramlı qüvvələr ABŞ və Avropanın dəstəyi, BMT Təhlükəsizlik Şurasının qətnaməsi ilə yaradılır.
Qeyd edilir ki, bu yeni qüvvə "klassik BMT sülhməramlı qüvvəsi olmayacaq", lakin BMT-nin səlahiyyəti ilə fəaliyyət göstərəcək.
Diplomatik mənbələrdən verilən məlumata görə, bu sahədə Türkiyə, İndoneziya və Azərbaycan fəal olacaq. Misir isə bu qüvvələrə rəhbərlik edəcək.
Avropa ölkələri və Britaniyanın sülh missiyasında birbaşa hərbi iştirakı gözlənilmir. Bununla belə, Tramp administrasiyası dövründə hazırlanmış 20 bəndlik Yaxın Şərq planı çərçivəsində Britaniyanın İsraildəki kiçik ABŞ bölməsinə hərbi müşavirlər göndərdiyi bildirilir.
Misir hökuməti hələlik rəsmi açıqlama verməyib. İndoneziya isə BMT mandatı altında 20 min əsgər göndərməyə hazır olduğunu açıqlayıb.
“The Times of Israel”ə danışan üç hökumət rəsmisinin sözlərinə görə, Azərbaycan da beynəlxalq sülhməramlı qüvvələrə qoşun göndərməyə razılıq verib. Lakin Azərbaycanın ABŞ və İsraildəki səfirlikləri bununla bağlı KİV-in sorğusuna cavab verməyib.
TAHİR