EN

Araz və Zəngəzur dəhlizləri Gürcüstanı Azərbaycanla “tarif güzəştinə” vadar edəcək...


Fikrət Yusifov: “Gürcüstan indiyə qədər mövcud olmuş gömrük tariflərinə yenidən baxmaq zorunda qalacaqdır”

Gürcüstan Azərbaycanla “bir pəncərə” konsepsiyası üzrə birgə sərhəd-nəzarət buraxılış məntəqələrinin yaradılması üzərində işləyir. Gürcüstanın maliyyə naziri Laşa Xutsişvili belə deyib.

Xutsişvili Orta Dəhlizin əhəmiyyətindən və Gürcüstanın bu layihəyə yönəltdiyi sərmayələrdən də danışıb: “Orta Dəhlizin səmərəli və stabil marşrut olması, digər marşrutlara qismən alternativə çevrilməsi üçün Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın gücləndirilməsi, eləcə də beynəlxalq maliyyə institutlarının dəstəyi tələb olunur”.

O da məlumdur ki, 30 ildən çoxdur Azərbaycan Avropaya, Türkiyəyə və digər ölkələrə öz məhsullarını Gürcüstan üzərindən ixrac edir. İdxal da bu ölkə üzərindən həyata keçirilir. Bir sıra hallarda Gürcüstan yüksək gömrük tarifləri tətbiq etsə də, Azərbaycan bunu önləyə bilməyib. Çünki sərfəli başqa alternativ olmayıb.

Maraqlıdır, Araz və Zəngəzur dəhlizləri işə düşəndən sonra Gürcüstan tariflərə yenidən baxacaqmı? Çünki istər-istəməz rəqabət yaranacaq.

“Bir pəncərə konsepsiyası daşımalar sahəsində daha çox sadələşmiş mexanizmlərin işə salınmasını nəzərdə tutacaq”

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən sabiq maliyyə naziri, professor Fikrət Yusifov buna bir neçə prizmadan yanaşdı: “Təbi ki, Zəngəzur dəhlizi və bu ərazidən keçəcək Tramp yolu Gürcüstan üzərindən keçərək şərqlə qərbi birləşdirən Dəhlizə yeni bir alternativ olacaqdır. Alternativ daşıma yolları yarandıqca Gürcüstan hökuməti də indiyə qədər mövcud olmuş gömrük tariflərinə yenidən baxmaq zorunda qalacaqdır. Əks halda Gürcüstan üzərindən daşımaların həcmi azala bilər ki, bu da ölkənin xəzinəsi üçün heç arzu olunan variant deyil. Güman edirəm ki, bir pəncərə konsepsiyası yüklərin daşınması sahəsində daha çox sadələşmiş mexanizmlərin işə salınmasını nəzərdə tutacaqdır. Bu da son nəticədə yük dövriyyəsinin artmasına və bu hesaba daha çox gəlirin əldə edilməsinə gətirib çıxaracaqdır. Zəngəzur dəhlizinin açılmasından və bütövlükdə Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasından sonra Cənubi Qafqaz regionunda on illər boyu mövcud olmuş kommunikasiya düyünləri açılacaq. Bu, regionun bütövlükdə şərqlə qərbi, şimalla cənubu birləşdirən nəhəng nəqliyyat habına çevriləcəkdir. Bu isə öz növbəsində Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatında ciddi bir dinamikanın əldə olunması ilə nəticələnəcəkdir. Kommunikasiyaların açılması və genişləndirilməsi region ölkələrində əhalinin sosial durumunun yaxşılaşmasına öz töhfəsini verəcəkdir”.

Vidadi ORDAHALLI

Chosen
95
baki-xeber.com

1Sources