UEFA Çempionlar Liqasının 2025/2026 mövsümünün əsas mərhələsinin III turunda “Arsenal” və “Atletiko Madrid” komandaları üz-üzə gəlib.
90deqiqe.Az xəbər verir ki, Londonun “Emireyts” stadionunda keçirilən görüşdə meydan sahibləri inamlı qələbə qazanıblar – 4:0.
“Topçular” ikinci hissədə hesabı açıb – 57-ci dəqiqədə “Arsenal”ın müdafiəçisi Qabriel Maqalyays fərqlənib. Cəmi yeddi dəqiqə sonra komandanın braziliyalı hücumçusu Qabriel Martinelli üstünlüyü artırıb. Ardınca isveçli forvard Viktor Qyökeres 67-ci dəqiqədə hesabı 3:0 edib və üç dəqiqə sonra dublunu rəsmiləşdirərək yekun nəticəni müəyyənləşdirib – 4:0.
Bu qələbədən sonra “Arsenal” ümumi mərhələnin turnir cədvəlində 9 xalla 3-cü pillədə qərarlaşıb. “Atletiko” isə 3 xalla 18-ci yerdə yer alır.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının final oyunu 30 may 2026-cı il tarixində Budapeştdəki “Puşkaş Arena”da keçiriləcək.
 
                        