EN

Prezidentin Qazaxıstan səfəri: Əməkdaşlıq daha da dərinləşəcək

ain.az, 525.az portalına istinadən məlumat yayır.

Pərvanə SULTANOVA[email protected]

Azərbaycanla Qazaxıstan arasında münasibətlər dərin tarixi köklərə malikdir. Xalqlarımızı birləşdirən bir çox ortaq dəyərlər, dil, din, mədəniyyət, mənəvi bağlar bu gün iki xalqın və dövlətin dostluq, qardaşlıq münasibətlərinə öz töhfəsini verir. Azərbaycan-Qazaxıstan əlaqələrinin yüksək səviyyəyə çatmasında təbii ki, prezidentlər İlham Əliyevin və Kasım-Jomart Tokayevin şəxsi münasibətləri həlledici rol oynayır. Hər iki prezident dövlət səfərləri və rəsmi səfərlərdən əlavə, müxtəlif beynəlxalq tədbirlər çərçivəsində də tez-tez görüşürlər. Azərbaycan və Qazaxıstan həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə, o cümlədən beynəlxalq və regional təşkilatlar çərçivəsində sıx əməkdaşlıq edirlər. Azərbaycan liderinin oktyabrın 20-21-də Qazaxıstana dövlət səfəri bu dostluğun, qardaşlığın növbəti nümunəsidir və əməkdaşlığın genişləndirilməsində yeni bir səhifə açacaq.

Prezident İlham Əliyev son üç ildə qardaş ölkəyə yeddi dəfə, Prezident Kasım-Jomart Tokayev isə Azərbaycana altı dəfə səfər edib. Dövlət başçısı "Kazinform"a  müsahibəsində bu məqama diqqət çəkərək bildirib ki, Azərbaycan ilə Qazaxıstan arasında siyasi əlaqələr hazırda yüksək dərəcədə möhkəmlik və qarşılıqlı etimad ilə xarakterizə olunur: "Ötən onilliklər ərzində xalqlarımız arasında tarixi qardaşlığa, dostluğa və qarşılıqlı dəstəyə, ortaq türk kimliyinin möhkəm təməlinə, oxşar mədəni ənənələrə və mənəvi dəyərlərə əsaslanaraq, biz həqiqi strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri qurmuşuq. Sözsüz ki, ikitərəfli əməkdaşlığın möhkəmlənməsinə töhfə verən mühüm amil ən yüksək səviyyədə aparılan və dövlətlərarası əlaqələrin bütün səviyyələrdə hərtərəfli dərinləşməsinə təkan verən fəal və konstruktiv dialoqdur.

Bu, son üç ildə mənim qardaş ölkəyə yeddinci səfərimdir. Qazaxıstana hər səfərimdə dinamik inkişafı, yeni uğurları müşahidə etmək mənim üçün xoşdur... Həmin müddət ərzində Prezident Kasım-Jomart Kemeleviç Tokayev Azərbaycana altı dəfə səfər edib. Bütün bunlar ölkələrimiz arasında hərtərəfli tərəfdaşlıq və qarşılıqlı strateji fəaliyyətin inkişafına müştərək səylərimizi nümayiş etdirir. Bundan əlavə, müntəzəm təmaslar bizə gündəlikdə duran aktual məsələləri operativ şəkildə həll etməyə və əməkdaşlığın əsas istiqamətləri üzrə razılaşdırılmış mövqeləri müəyyənləşdirməyə imkan verir".

Azərbaycanla Qazaxıstan arasında diplomatik əlaqələr 1992-ci il avqustun 30-da qurulub. 1993-cü ilin yanvarında Qazaxıstanın Azərbaycanda, 2004-cü ilin martında isə Azərbaycanın Qazaxıstanda səfirliyi açılıb ki, bu da əlaqələrin daha da dərinləşməsinə və genişlənməsinə şərait yaradıb. İkitərəfli münasibətlərin inkişafının göstəricisi kimi 2008-ci ilin sentyabrında Qazaxıstanın Aktau şəhərində Azərbaycanın Baş konsulluğu təsis edilib. Bu addım iqtisadi, mədəni və humanitar sahələrdə əməkdaşlığın region səviyyəsində də güclənməsinə xidmət edib.

Hər il iki ölkə arasında tərəfdaşlıq əhəmiyyətli dərəcədə möhkəmlənir ki, bu da 170-dən çox sənədi - dövlətlərarası müqavilələri, sazişləri, memorandumları və protokolları əhatə etməklə geniş hüquqi bazanı özündə əks etdirir. Xüsusilə bu il 20 illiyi qeyd edilən Azərbaycan ilə Qazaxıstan arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında müqavilə iki ölkə əlaqələrinin inkişafında mühüm rol oynayıb. Bu sənəd əməkdaşlığın müxtəlif sahələrdə etibarlı əsasını formalaşdıraraq son illərdə münasibətlərin daha da genişlənməsinə və dərinləşməsinə şərait yaradıb.

İkitərəfli əlaqələrdən danışdıqda, bir çox məqamlarla yanaşı, Azərbaycanın işğaldan azad edilmiş Füzuli şəhərində Qazaxıstan hökuməti tərəfindən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin tikintisi xüsusi vurğulanmalıdır. Bu, azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işlərinə qardaş ölkənin dəstəyidir. Qeyd edək ki, hazırda mərkəzdə 100-ə yaxın uşaq təhsil alır.

Azərbaycan ilə Qazaxıstan arasında iqtisadiyyat, ticarət, investisiyalar, enerji təhlükəsizliyi, nəqliyyat və kommunikasiyalar istiqamətləri üzrə ikitərəfli tərəfdaşlıqla yanaşı, regional və beynəlxalq platformalarda, xüsusilə Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində əməkdaşlıq böyük potensial və geniş perspektivlərə malikdir. Ümumiyyətlə, iki ölkənin iqtisadi-ticari əməkdaşlığının spektri çox genişdir. Qarşılıqlı ticarətdə artım dinamikası qeydə alınır. 2024-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsinin həcmi 470 milyon dollar təşkil edib. 2025-ci ilin yanvar-avqust aylarında isə ötən ilin müvafiq dövrü ilə müqayisədə üç dəfə çox olmaqla, 547 milyon dollara çatıb. Bu artım Orta Dəhlizin potensialından səmərəli istifadə, nəqliyyat və logistika infrastrukturunun sistemli modernləşdirilməsi ilə bağlıdır. İki ölkənin investisiya əməkdaşlığı da möhkəmlənir. Azərbaycanın Qazaxıstan iqtisadiyyatına investisiyası 225 milyon dollara, Qazaxıstanın isə Azərbaycana sərmayəsi 136 milyon dollara çatıb.

Nəqliyyat-logistika əməkdaşlığı da əsas istiqamətlərdən birini təşkil edir. Ötən il Azərbaycan ilə Qazaxıstan arasında tranzit daşımaları əvvəlki dövrlə müqayisədə 20 faiz artaraq 3,5 milyon tondan çox olub. Hər iki dövlət Orta Dəhlizin genişlənməsinə töhfə verirlər və bu dəhliz ölkələr arasında davamlı və səmərəli əlaqələrin təmin edilməsində əsas rol oynayır.

Başqa bir əməkdaşlıq sahəsi isə yaşıl enerji ilə bağlıdır. Prezident müsahibəsində bildirib ki, yaşıl energetikanın inkişafı ikitərəfli gündəlikdə mühüm yer tutur: "2024-cü ildə Azərbaycan, Qazaxıstan və Özbəkistan enerji sistemlərinin birləşdirilməsinə və bərpaolunan enerji mənbələrinin təşviqinə yönəlmiş bir sıra strateji sazişlər və memorandumlar imzalayıb. Bu təşəbbüslər ölkələrin davamlı inkişafa və ekoloji cəhətdən təmiz texnologiyalara keçidə birgə sadiqliyini əks etdirir".

Milli Məclisin deputatı, Azərbaycan-Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Fatma Yıldırım "525"ə deyib ki, iki ölkə arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri zamanın sınağından uğurla çıxmış, dərin köklərə malik və ardıcıl surətdə inkişaf edən möhkəm bir bazaya əsaslanır: "Son üç ildə dövlət başçılarının qarşılıqlı səfərləri siyasi dialoqun intensivliyini və iki ölkə arasında olan münasibətlərin yüksək səviyyəsini bir daha təsdiqləyir. Bu səfərlər, eyni zamanda, regional və beynəlxalq miqyasda ölkələrimizin ortaq mövqelərinin formalaşmasına, aktual məsələlərin çevik və koordinasiyalı şəkildə həllinə imkan yaradır. Azərbaycan və Qazaxıstan arasında ikitərəfli əlaqələr Türk Dövlətləri Təşkilatı çərçivəsində də daha da güclənib və bu əməkdaşlıq həm siyasi, həm iqtisadi, həm də mədəni sahələri əhatə edir. Keçən il Şuşada keçirilən ilk qeyri-rəsmi Zirvə Görüşü, eləcə də bu yaxınlarda Qəbələdə baş tutan 12-ci Zirvə Görüşü bu birliyin real nəticələr verdiyini bir daha nümayiş etdirdi. Bu zirvələrdə qəbul olunan mühüm qərarlar Türk dünyasının iqtisadi, siyasi və müdafiə potensialının artırılmasına, regional sabitliyin və rifahın təmininə xidmət edir".

Qazaxıstandan olan politoloq Almas Aubekerov yerli mediaya bildirib ki, Prezident Əliyevin Qazaxıstana dövlət səfəri iki ölkə arasında yüksək səviyyəli qarşılıqlı etimad və strateji birlikdən xəbər verir. Dövlət səfərinin formatı münasibətlərin prioritetliyini vurğulayır, liderlər bir-birinə regional problemlərin birgə həllinə qadir müttəfiqlər kimi baxdıqlarını nümayiş etdirirlər. Onun sözlərinə görə, son illərdə geosiyasi və iqtisadi amillərin birləşməsi sayəsində Qazaxıstan-Azərbaycan münasibətlərində aydın yüksəliş müşahidə olunur: "Birincisi, qlobal dəyişikliklər fonunda hər iki ölkə ümumi milli maraqlara əsaslanan əməkdaşlığı gücləndirir. Əlaqələr strateji baxış və qarşılıqlı dəstək üzərində qurulub. Yüksək səviyyəli görüşlərin dinamikası təkcə siyasi etimadın səviyyəsini deyil, həm də tandemin regional sabitlik üçün artan əhəmiyyətini əks etdirir. Bu əməkdaşlıq Qazaxıstan və Azərbaycanın mədəni və tarixi birliyi real iqtisadi və geosiyasi layihələrə çevirmək üçün səy göstərdiyi daha geniş Türk inteqrasiyası konsepsiyasına uyğun gəlir. Qazaxıstan-Azərbaycan tandemi türk inteqrasiyasında əsas rol oynayır, lakin o, praqmatizm və suveren bərabərliyə əsaslanır.  Onların müttəfiqlik əlaqələri ortaq tarixi və mədəni təmələ əsaslanır və bütün tərəflərin xeyrinə olan müasir layihələrin həyata keçirilməsini özündə ehtiva edir. Bakı və Astana iqtisadi təşəbbüsləri - nəqliyyat dəhlizlərini əlaqələndirməkdən tutmuş birgə investisiya fondlarına qədər, türk birliyini bəyannamələrdən real fəaliyyətə çevirməyə təşviq edir".

Politoloq bildirib ki, iki ölkə arasında ticarətin həcmi artır, hədəf onu 1 milyard dollara çatdırmaqdır: "Bunun üçün qarşılıqlı ticarətin strukturunu genişləndirmək lazımdır. Hazırkı ticarət dövriyyəsi potensial qarşılıqlı əlaqənin yalnız kiçik bir hissəsini əhatə edir. Beş il ərzində ticarət 5 dəfə artaraq 500 milyon dolları ötüb və 2025-ci ilin yanvar-avqust aylarında artıq 547 milyon dollara çatıb, keçən ilki həcmi üç dəfə artırıb. Logistikanın daha da modernləşdirilməsi və məhsul çeşidinin şaxələndirilməsi ilə 1 milyard dollarlıq hədəfə yaxın gələcəkdə tamamilə nail olmaq mümkündür".

Əməkdaşlığın əsas sahəsi olan Orta Dəhlizə diqqət çəkən politoloq deyib ki, Orta Dəhliz və Xəzər nəqliyyat qovşağı üzrə əməkdaşlıq hər iki ölkə üçün strateji və faydalıdır: "Qazaxıstan və Azərbaycan Asiya və Avropanı effektiv şəkildə birləşdirir, sanksiyalar risklərindən azad ən səmərəli və təhlükəsiz marşrut təklif edir. Tərəflər arasında rəqabət minimaldır. Əksinə, dəhlizin həyata keçirilməsi sıx əməkdaşlıq tələb edir: bir keçidin uğuru birbaşa digərinin faydalarını artırır. Məhz buna görə də Astana və Bakının yanaşması rəqabətə deyil, imkanların artırılması, yeni əməkdaşlıq yollarının tapılması prinsipinə əsaslanır".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
52
525.az

1Sources