İkitərəfli əməkdaşlıq planına əsasən, Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələri (XTQ) və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezident Qvardiyasının Xüsusi Əməliyyat Komandanlığı bölmələrinin iştirakı ilə "Sarsılmaz Tərəfdaşlıq-2025" birgə xüsusi təyinatlı qüvvələr təlimi keçirilir.
Bu barədə Publika.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, oktyabrın 21-də təşkil edilən təlimin təntənəli açılış mərasimində Azərbaycanın və BƏƏ-nin şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Hərbi orkestrin müşayiəti ilə hər iki ölkənin Dövlət himnləri səsləndirilib, Dövlət bayraqları qaldırılıb.
Tədbirdə Xüsusi Təyinatlı Qüvvələr komandanı general-mayor Ələkbər Cahangirov çıxış edərək qeyd edib ki, təlimin əsas məqsədi ölkələrin XTQ mənsubları arasında əməkdaşlığın genişləndirilməsi, praktiki vərdişlərin təkmilləşdirilməsi, qarşılıqlı təcrübə mübadiləsi və hərbi qulluqçularımızın peşəkar inkişafına xidmət etməkdir.