Luvr Muzeyi üç gün sonra yenidən açılıb
Ajans.az BBC-ə istinadən xəbər verir ki,çərşənbə günü yerli vaxtla saat 09:00-dan etibarən muzeyin qapıları yenidən açılıb. Lakin muzey rəhbərliyi oğurluğun baş verdiyi Apollo Qalereyasının hələ də bağlı qaldığını bildirib. Hadisə bazar günü səhər baş verib. Elektrik alətləri ilə silahlanmış oğrular dünyanın ən çox ziyarət edilən muzeylərindən biri olan Luvra daxil olaraq cəmi səkkiz dəqiqədən az vaxt ərzində dəyərli eksponatları ələ keçiriblər və skuterlərlə hadisə yerindən uzaqlaşıblar. Cinayətkarlar hələ də saxlanılmayıb. Fransa Prezidenti Emmanuel Makron bu hadisəni “ölkə irsinə qarşı hücum” kimi qiymətləndirib və mədəniyyət obyektlərində təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə çağırıb. Hökumət sözçüsünün sözlərinə görə, Prezident muzeyin yenidən açılması ilə əlaqədar təhlükəsizlik tədbirlərinin sürətləndirilməsini tələb edib. Muzeyin direktoru Laurens des Kar bu gün Fransa Senatının mədəniyyət komitəsi qarşısında ifadə verəcək. O, hələlik ictimaiyyətə soyğunla bağlı rəsmi açıqlama verməyib. İlkin istintaq nəticələrinə görə, Luvrdakı hər üç otaqdan birində müşahidə kameralarının olmadığı və təhlükəsizlik siqnalizasiya sistemlərinin hadisə zamanı işə düşmədiyi bildirilir. Bu faktlar ölkədə mədəniyyət müəssisələrinin təhlükəsizliyi ilə bağlı narahatlıqları artırıb. Senator Natali Qule daha əvvəl BBC-yə verdiyi açıqlamada, oğurluğun baş verdiyi qalereyanın həyəcan siqnalının yaxın vaxtlarda sıradan çıxdığını və polis araşdırmasının onun bilərəkdən deaktiv edilib-edilmədiyini müəyyənləşdirəcəyini bildirib. Fransa Mədəniyyət Nazirliyinin açıqlamasına görə, hadisə zamanı muzeyin geniş təhlükəsizlik siqnalları səslənib, əməkdaşlar dərhal təhlükəsizlik qüvvələri ilə əlaqə saxlayıb və ziyarətçilərin təhlükəsizliyini təmin etmək üçün təxliyə protokoluna əməl olunub. Cəsarətli oğurluqdan sonra muzey müvəqqəti olaraq bağlanıb və əvvəlcədən bilet almış şəxslərə ödənişlərin geri qaytarılacağı bildirilib. Hazırda onlarca müstəntiq hadisənin təfərrüatlarını araşdırır və cinayətkarların tutulması istiqamətində iş aparılır.