EN

Şeyxülislam sadəcə məsciddə insanlara namaz qıldıran şəxs deyildi, dini mənəvi birliyin rəmzi sayılırdı

ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

“Şeyxülislamlıq ənənəsi XI əsrdən başlayaraq formalaşıb. Osmanlı imperiyasında şeyxülislam həm də dövlət işlərində söz sahibi idi, fətvaları ilə siyasi qərarlara təsir göstərirdi. Azərbaycanda isə bu titul XIX əsrdən Qafqaz Müsəlmanları İdarəsi çərçivəsində mövcud oldu”.

Bu barədə Bizimyol.info xəbər portalına danışan ilahiyyatçı Əkrəm Həsənov bildirib ki, Şeyxülislam — ali dini rəhbərdir, ruhanilər tərəfindən seçilir, dövlət tərəfindən təsdiqlənir, adətən müddətsiz fəaliyyət göstərir və onun əsas vəzifəsi dinin düzgün izahını və cəmiyyətdə dini birliyi təmin etməkdir.

“Şeyxülislam adı; əsasən müsəlman ölkələrində dini işləri idarə edən, fətvalar verən və dövlətlə din arasında əlaqəni tənzimləyən şəxsə verilirdi. Osmanlıda, Qafqazda və sonradan Azərbaycan Cümhuriyyətində bu vəzifə həm dini, həm də ictimai məsuliyyət daşıyırdı. Şeyxülislam yalnız məsciddə namaz qıldıran şəxs deyildi, o, həm də xalqın dini savadını, mənəvi istiqamətini formalaşdıran, dini-mənəvi birliyin rəmzi sayılan şəxs idi”-deyə ilahiyyatçı qeyd edib.

İlahiyyatçı Əkrəm Həsənov bildirib ki, Şeyxülislamın təyin olunması məsələsi tarixi dövrlərə görə fərqli olub: “Osmanlı imperiyasında şeyxülislam padşah tərəfindən təyin edilirdi, lakin bu təyinat yalnız dövlətin deyil, eyni zamanda alimlər şurasının da razılığı ilə həyata keçirilirdi.

Qafqaz Müsəlmanları Ruhani İdarəsində şeyxülislam adətən dini zümrənin, yəni alimlərin, müftilərin və məscid axundlarının məsləhəti ilə seçilirdi. Azərbaycan Xalq Cümhuriyyəti dövründə isə bu vəzifə artıq milli və dövlət səviyyəsində tanınan bir dini liderlik idi”.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
79
bizimyol.info

1Sources