EN

"Xankəndidəki futbol dünyaya göstərdi ki, bu torpaqların sahibi bizik" - ŞƏRH EDİLDİ

"Azərbaycan torpaqları üçün ən böyük təhlükə və separatçı meyillər Qarabağda mövcud olub. Belə ki Nadir Şahın qətlindən sonra müstəqil Azərbaycan xanlıqları yarandı. Onlardan biri də Qarabağ xanlığı idi. Qarabağ xanlığı möhkəmlənmək üçün mərkəzi hakimiyyəti gücləndirmək istəyirdi. Çox təəsüf ki, burada olan məlikliklər xanlığı güclü görmək istəmirdilər və onlar bütün əlaqələrini Çar Rusiyası ilə qurmağa çalışırdılar. Yəni, hələ 18-ci əsrdə bu məlikliklər müstəqil Azərbaycan xanlığı üçün təhlükə törədib. Təbii ki, xanlıqlar Rusiya tərəfindən işğal olunduqdan sonra Çar Rusiyası və İran arasında Gülüstan və Türkmənçay, Osmanlı ilə Ədirnə müqavilələri imzalandı. Bu müqavilələrin nəticələri olaraq Qarabağ, İrəvan və Naxçıvan torpaqlarına yüz minlərlə erməni köçürüldü. Beləliklə Çar Rusiyası ermənilərdən özü üçün istifadə edərək onların mövqeyini gücləndirdi". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Anar İsgəndərov deyib.

Onun sözlərinə görə, 23 ay fəaliyyət göstərən cümhuriyyət erməni-daşnak qüvvələrinə kifayət qədər güc sərf etdi: "Çox təəssüf ki, Qarabağda olan separatçı qüvvələrə görə orada təhlükəsiz şərait yaratmaq mümkün olmadı. Təbii ki, bu ərazilərdə azərbaycanlı əhaliyə qarşı həyata keçirilən soyqırım da dövrün ən ağrılı tarixi hadisələrindən biridir. Məlumdur ki, Azərbaycan bolşevik qüvvələri tərəfindən işğal edildikdən sonra 1921-ci ildə Qafqaz bürosunun qərarı ilə iyulun 4-də Qarabağın ermənilərə verilməsi qərara alındı. 1923-cü il iyulun 7-də Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı. 70 il ərzində deyure bu torpaqlar bizim əlimizdə olsa da, faktiki olaraq Dağlıq Qarabağın bütün əlaqələri Ermənistanla idi. Ermənistanla birləşmək üçün bir neçə dəfə Moskva səviyyəsində bu məsələ qaldırıldı. Amma xoşbəxtlikdən Azərbaycanın rəhbərliyi güclü olduğundan bu məsələlər Ermənistanın xeyrinə həll olunmadı. 1990-cı illərin sonlarında Sovet dövlətinin çöküşü ərəfəsində artıq Qarabağda olan separatçı qüvvələr birmənalı Azərbaycandan ayrılıb Ermənistana birləşməyə qərar verdilər. Erməni-daşnak hökuməti də bunu qəbul etdi".

Deputat sözlərinə davam edərək bildirib ki, bütün dünya erməniləri və onların himayədarı olan dövlətlər bu məsələni Ermənistanın xeyrinə həll etdilər: "Nəticədə Azərbaycanın 20% torpaqları işğal olundu. Xankəndidə olan separatçı yuva biraz da gücləndi. Təbii ki, 44 günlük Vətən müharibəsi Azərbaycanın haqq işini uğurla başa çatdırdı. Düşmən darmadağın edildi və tarixi torpaqlarımız azad olundu. Amma Xankəndidə olan separatçı qüvvələr silahı yerə qoymadılar. Onlar revanşist düşüncələri ilə nəsə etməyi qarşılarına məqsəd qoymuşdular. Təəssüf ki, onlar Azərbaycanın gücünü görə bilmirdilər. 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan dövlətinin Xankəndidəki separatçı qüvvələrə qarşı həyata keçirdiyi antiterror tədbirlər uğurla başa çatdırıldı. Azərbaycan öz tarixində ilk dəfə olaraq bütövləşdi. Xankəndidə olan separatçı rejim birmənalı olaraq bu torpaqları tərk etdi. Azərbaycan öz tarixi ərazisini azad etdikdən sonra bu yerlərdə quruculuq işlərinə başladı. Bu işlərdən birincisi futbol stadionunda həyata keçirildi. Təsadüfi deyildi ki, 2019-cu ildə Ermənistanın Baş naziri "Qarabağ Ermənistandır" fikrini bu stadionda səsləndirmişdi. Amma 2023-cü ilin sentyabrında Azərbaycan düşməni bu ərazidən qovmaqla və dekabrın 21-də bu futbol yarışını keçirməklə həm dünya siyasətçilərinə, həm də Ermənistanın revanşist qüvvələrinə bildirdi ki, bu torpaqların sahibi bizik. Qalib Azərbaycan xalqı bir daha düşməni bu torpaqlara buraxmaz. Əgər düşmən bu düşüncələri davam etdirsə, o zaman Azərbaycan əsgərinin Göyçə gölündə əl-üzünü yumağına çox vaxt qalmayıb. Yəni, düşmən yaxşı düşünməlidir. O, dünyanın heç bir dövlətinin onu qızışdırmağına aldanmamalıdır.

Azərbaycan dövləti ədalətli və dürüst siyasət yeridir. Prezident İlham Əliyev hansı siyasəti həyata keçirirsə, bu, Azərbaycan xalqının xoşbəxtliyi, dövlətimizin suverenliyi və təhlükəsizliyi ilə bağlıdır. Ermənistan da bunu dərk etməlidir. Xankəndi tarixi Azərbaycan şəhəridir və bünövrəsi azərbaycanlılar tərəfindən qoyulub. Bu gün Xankəndi şəhərində olan hakimiyyətimiz bir daha onu sübut edir ki, Qarabağla bağlı vaxtilə buraxılan səhvlər hər birimizə məlumdur. Biz bu tarixi unutmamaq üçün dərsliklərə salacaq və hər vaxt yada salacağıq".

Ləman Sərraf

Chosen
856
50
sia.az

10Sources