Respublikaçıların təklifi yenə də kifayət qədər səs toplaya bilməyib...
Poliqon xəbər verir ki, ABŞ Senatı hökumətin bağlanmasına – yəni “şatdaun” vəziyyətinə – son qoyacaq qanun layihəsini artıq 12-ci dəfə qəbul edə bilməyib. C-SPAN telekanalının canlı yayımladığı səsvermə zamanı respublikaçıların təşəbbüsü yenidən lazımi 60 səslik çoxluğu toplaya bilməyib.
Qanun layihəsinin qəbul edilməməsi nəticəsində federal qurumların böyük hissəsi fəaliyyətini məhdudlaşdırılmış rejimdə davam etdirir. Minlərlə dövlət qulluqçusu məzuniyyətə göndərilib və bir çox dövlət proqramları dayandırılıb.
ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Conson bildirib ki, hazırkı “şatdaun” ölkə tarixində müddətinə görə ikinci ən uzun hökumət bağlanması olub. O xatırladıb ki, ABŞ tarixində ən uzunmüddətli “şatdaun” 35 gün davam edib və bu, Donald Trampın birinci prezidentlik dövründə baş verib.
Ekspertlərin fikrincə, hazırkı böhranın uzun çəkməsi partiyalararası razılaşmanın olmaması və sosial proqramların maliyyələşdirilməsi ilə bağlı ziddiyyətlərdən qaynaqlanır.
Poliqon.info