FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti (DYNX) “Bakı Metropoliteni” QSC-də “Bakı Metropolitenində yanğın təhlükəsizliyi” mövzusunda maarifləndirmə tədbiri keçirib.
Bu barədə APA-ya FHN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, tədbirdə metropolitenin departament, xidmət və sahələrinin yanğın təhlükəsizliyinə cavabdeh şəxsləri və baş mühəndisləri iştirak edib.
Tədbirdə DYNX əməkdaşları tərəfindən metropolitendə yanğın təhlükəsizliyinə dair tələblər və yanğın zamanı zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib. Eyni zamanda, elektrik təsərrüfatında yanğın törədə biləcək səbəblərin aradan qaldırılması üçün metropolitenin yerüstü və yeraltı obyektlərinin və inzibati binalarının elektrik şəbəkələri, elektrik qurğuları, cihaz və avadanlıqlarının “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə cavab verməsinə dair tələblər aidiyyəti şəxslərin nəzərinə çatdırılıb.
Tədbirdə metropoliten ərazisində baş verə biləcək fövqəladə hallar zamanı atılacaq zəruri addımlar, o cümlədən yanğınların söndürülməsi üsulları və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani izah edilib, suallar cavablandırılıb.

