EN

Türkiyə ilə Oman arasında bir sıra sahələrdə əməkdaşlıq sazişləri imzalanıb

BAKI, TurkicWorld, Nailə Babazadə

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Oman Sultanı Heysəm bin Tariqin Al Alam Sarayında başçılıq etdikləri heyətlərarası görüşdən sonra iki ölkə arasında müxtəlif sahələri əhatə edən əməkdaşlıq sazişləri imzalanıb.

TurkicWorld xəbər verir ki, əvvəlcə, “Türkiyə Respublikası Hökuməti ilə Oman Sultanlığı arasında Koordinasiya Şurasının yaradılması barədə ortaq bəyanat” Türkiyənin xarici işlər naziri Hakan Fidan və Oman xarici işlər naziri Sayyid Badr bin Hamad Al Busaidi tərəfindən imzalanıb.

Daha sonra ümumi pasport sahibləri üçün viza azadlığı, mədən və enerji əməkdaşlığı, müdafiə sənayesi, hərbi əməkdaşlıq, sənaye və texnologiya, rəqabətin qorunması, media və kommunikasiya, eləcə də təhsil və elm sahələrində qarşılıqlı anlaşma memorandumları imzalanıb.

İmzalanan sənədlər arasında Türkiyə Varlıq Fondu ilə Oman İnvestisiya İdarəsi arasında strateji əməkdaşlıq müqaviləsi, həmçinin OYAK, Aselsan, Nitaj-Oman Food Investment Holding, və Oman Telekommunikasiya Şirkəti kimi qurumlar arasında investisiya və texnologiya əməkdaşlığı sazişləri də yer alıb.

Bundan əlavə, Türkiyə Maarif Vəqfinə təhsil müəssisəsi inşa etmək və idarə etmək məqsədilə Oman hökuməti tərəfindən torpaq ayrılması barədə razılaşma da imzalanıb.

Ən son olaraq, Oman Enerji və Mədən Nazirliyi ilə Türkiyə Enerji və Təbii Sərvətlər Nazirliyi arasında mədənçilik və kritik minerallar sahəsində əməkdaşlıq memorandumu yenidən təsdiqlənib.

Chosen
78
turkic.world

1Sources