EN

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Özbək Dili bayramında iştirak edib

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Daşkənddəki “TIQXMMI” Milli Tədqiqat Universitetində “Qoy dilimin dəyəri uca olsun” şüarı altında keçirilən Özbək Dili bayramına qatılıb. Tədbirdə universitetin professor-müəllim heyəti, tələbələr, elm və mədəniyyət xadimləri iştirak ediblər.

“TIQXMMI” Milli Tədqiqat Universitetinin prorektoru Ruzimurat Çoriyev öz çıxışında qeyd edib ki, dil xalqın milli kimliyinin ayrılmaz hissəsi, onun mənəvi inkişafının mühüm vasitəsidir. O bildirib ki, belə tədbirlər mədəni irsin qorunmasına, gənc nəslin dilə və milli dəyərlərə sevgi ruhunda tərbiyə olunmasına böyük töhfə verir.

Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli qeyd edib ki, dil xalqın tarixi yaddaşının, mənəvi dəyərlərinin və mədəni irsinin daşıyıcısı olmaqla yanaşı, xalqlar arasında qarşılıqlı anlaşmanın və mədəni inteqrasiyanın əsas körpüsüdür. O vurğulayıb ki, Azərbaycan və özbək dilləri eyni mənşəyə – türk köklərinə əsaslanır və xalqlarımız ortaq tarix, mədəniyyət və mənəvi bağlarla bir-birinə sıx şəkildə bağlıdır. Direktor bildirib ki, dilin inteqrativ rolu yalnız ünsiyyət vasitəsi olmaqla məhdudlaşmır, həm də xalqlar arasında mənəvi birliyin, qarşılıqlı hörmətin və humanitar əməkdaşlığın mühüm dayağıdır.

Tədbirin bədii hissəsində Azərbaycan Mədəniyyət Mərkəzinin rəqs ansamblı milli rəqslərimizi təqdim edib. Universitet tələbələrinin ifasında özbək mədəniyyətini və ana dilinə sevgini əks etdirən çıxışlar tədbirə xüsusi rəng qatıb. 

Qulu Kəngərli
XQ-nin Türküstan üzrə xüsusi müxbiri
Daşkənd 

Chosen
22
1
xalqqazeti.az

2Sources