EN

Pakistanı, Hindistanı və Əfqanıstanı "vuruşduran Türkmənistan imiş"...


TAPİ qaz kəməri: Mərkəzi Asiyada enerji oyununun yeni mərhələsi

Mərkəzi Asiyada mühüm enerji layihələrindən biri olan TAPİ (Türkmənistan–Əfqanıstan–Pakistan–Hindistan) qaz kəməri yenidən beynəlxalq diqqət mərkəzinə çevrilib. Türkmənistan hökuməti layihənin ikinci mərhələsinin — Sərhetdabət şəhərindən Əfqanıstanın Herat vilayətinə qədər uzanan 153 kilometrlik hissənin — tikintisinə start verib.

Mərasimdə Türkmənistanın Xalq Məsləhətinin rəhbəri Qurbanqulu Berdimuhamedov şəxsən iştirak edib və layihəni “Svetly put Arkadaqa” – “Arkadağın parlaq yolu” – adlandırıb.

Bu hadisə təkcə iqtisadi deyil, həm də siyasi məna daşıyır: TAPİ-nin reallaşması Mərkəzi Asiyada ABŞ, Rusiya, Çin və İran arasında enerji rəqabətinin yeni mərhələsi deməkdir.

TAPİ layihəsi 1990-cı illərin sonlarından gündəmdədir, lakin regiondakı münaqişələr və maliyyə problemləri səbəbindən bir neçə dəfə təxirə salınıb.

Hazırkı planlara əsasən, kəmərin ümumi uzunluğu 1814 kilometr, illik ötürmə gücü isə 33 milyard kubmetr təbii qaz olacaq. Türkmənistanın “Qalkınış” yatağından çıxarılacaq qaz əvvəlcə Əfqanıstan ərazisinə, oradan isə Pakistan və Hindistana çatdırılacaq.

Layihənin ümumi dəyəri təxminən 10 milyard ABŞ dolları səviyyəsində qiymətləndirilir. Əfqanıstan hökuməti TAPİ-nin öz ərazisindən keçən hissəsinə görə illik 1–1,2 milyard dollar tranzit gəliri və minlərlə yeni iş yeri gözləyir.

Əfqanıstanın baş nazirinin müavini Abdul Qəni Baradar Türkmən tərəfi ilə görüşdə layihə boyunca elektrik xətləri, dəmir və avtomobil yolları, logistika mərkəzləri kimi yardımçı infrastrukturun da paralel şəkildə inşa edilməsini təklif edib.

Maraqlı məqam odur ki, layihəyə ABŞ-ın “Bownstein” adlı şirkəti məsləhətçi dəstək verir. Bu, Vaşinqtonun layihəyə dolayı nəzarət mexanizmi kimi qiymətləndirilir. ABŞ TAPİ-ni Mərkəzi Asiyada Rusiya və İran qaz marşrutlarına alternativ kimi görür.

Layihə, eyni zamanda, Qərbin regiona “yumşaq təsir” vasitəsi kimi də şərh olunur. Politoloqların fikrincə, ABŞ və Avropa TAPİ-yə əsasən enerji təhlükəsizliyi prizmasından baxır və regiondakı insan hüquqları və demokratik islahatlarla bağlı məsələlərdə daha pragmatik və çevik mövqe tutur.

Layihənin əsas çətinliyi - təhlükəsizlik təminatıdır. Əfqanıstanda və Pakistanın qərb bölgələrində sabitlik hələ də zəifdir. 19 oktyabrda Dohada imzalanmış atəşkəs razılaşmasına baxmayaraq, iki ölkə arasında sərhəddə silahlı toqquşmalar ara-sıra yenidən baş verir.

Əfqanıstanın bəzi bölgələrində fəaliyyət göstərən radikal qruplar (xüsusilə “İŞİD-Xorasan” və Talibanın sərt qanadları) layihənin infrastrukturuna təhlükə yarada bilər. Bu qruplar bəzən “təhlükəsizlik zəmanəti” müqabilində ödəniş tələb edərək, iqtisadi təsir mexanizminə çevrilirlər.

Ekspertlərin fikrincə, TAPİ-nin uğuru yalnız iqtisadi deyil, həm də regional sabitliyin göstəricisi olacaq.

TAPİ layihəsi enerji bazarında bir sıra iri oyunçuların maraqları ilə kəsişir.

Rusiya üçün TAPİ Mərkəzi Asiya qazının onun nəzarətində olan şimal marşrutlarından kənar Cənub-Asiyaya çıxması deməkdir. Bu, Moskvanın qaz üzərindəki təsirini azaldır. Rusiya layihəni “ABŞ-ın Mərkəzi Asiyada enerji oyunu” kimi qiymətləndirir.

İran da TAPİ-nin uğurunda maraqlı deyil. Tehran illərdir “İran-Pakistan” (IP) qaz kəməri layihəsini reallaşdırmağa çalışır və TAPİ bu təşəbbüsə birbaşa rəqibdir.

Çin hazırda Türkmənistan qazının əsas alıcısıdır (Çin-Mərkəzi Asiya qaz kəməri vasitəsilə). TAPİ-nin işə düşməsi Türkmənistanın Pekindən enerji asılılığını azaldacaq. Bu isə Çinin “Bir Kəmər, Bir Yol” strategiyasına ziddir.

Əfqanıstandakı radikal qruplar isə layihədən siyasi və maliyyə dividendləri qazanmaq üçün təzyiq mexanizmlərindən istifadə edə bilər.

Politoloq Dərya Qarayevin sözlərinə görə, Qərb dövlətləri Mərkəzi Asiya ölkələrinə yüksək texnologiya ixrac edən tərəf kimi deyil, daha çox xammal tədarükçüsü kimi baxırlar. Onun fikrincə, “Avropa və ABŞ üçün əsas məqsəd regionun enerji resurslarını çıxarmaq, dəyər zəncirini isə öz ərazisində formalaşdırmaqdır”.

Bu yanaşma bir tərəfdən region iqtisadiyyatına qısamüddətli gəlir qazandırsa da, uzunmüddətli dövrdə sənaye və texnoloji asılılığını dərinləşdirə bilər.

TAPİ qaz kəməri təkcə enerji layihəsi deyil, Mərkəzi Asiyada nüfuz uğrunda mübarizənin yeni alətidir. Türkmənistan üçün bu layihə qaz ixracının diversifikasiyası və enerji ixracı asılılığının azaldılması baxımından həyati əhəmiyyət daşıyır.

Bununla belə, davam edən münaqişələr və sabitlik problemləri layihəni hər addımda risq altında saxlayır. Bəzi müşahidəçilər hesab edirlər ki, müəyyən dairələr Türkmənistan qazının region daxilində diversifikasiyasını istəmir və onu yalnız Transxəzər qaz kəməri kimi Qərbə yönəlmiş marşruta bağlamağa çalışır.

TAPİ-nin taleyi Mərkəzi Asiyada gələcək enerji xəritəsinin formalaşmasında həlledici olacaq. Əgər layihə uğurla başa çatsa, bu, Türkmənistan və Əfqanıstan üçün yeni iqtisadi səhifə, Rusiya və İran üçün isə strateji itki anlamına gələcək. Əks halda, TAPİ növbəti dəfə enerji siyasətində “arzuolunan, amma reallaşmayan” layihələr sırasına düşəcək.

Akif NƏSİRLİ

Chosen
40
baki-xeber.com

1Sources