EN

Kremlin teleqram kanalları Ermənistanı "dağıdır" - süni intellekt videoları Azərbaycanı da işə qatıb...


Ermənistanda parlament seçkilərinə aylar qalmış Rusiya bu ölkədə təbliğatını gücləndirir. Bunu təkcə mütəxəssislər demir. Sözügedən xüsusda “Azatutyun” radiosunun apardığı araşdırmalar da maraqlı faktları üzə çıxarıb.

Radio Rusiya təbliğatının əsas platformalarından biri olan “Telegram”da abunəçilərinin sayı 1800-dən 36000-ə qədər olan 20-dən çox kanal müəyyən edib. Erməni və rus dilində təbliğat aparan bu kanalların xeyli hissəsi müxtəlif vaxtlarda Rusiyada fəaliyyətə başlayıb.

Bu kanallarda mütəmadi olaraq Rusiyaya müsbət istinadlar yer alır, Avropa İttifaqı isə Ermənistan üçün dağıdıcı qüvvə kimi təqdim olunur. Üstəlik, müəyyən edilmiş rusdilli kanallar tez-tez bir-birindən sitat gətirir, rusiyayönlü şəxslərin bəyanatlarını və Rusiya dövlət mediasının materillarını yayır. Ermənistanın daxili siyasi problemləri də ən çox müzakirə olunan məsələlərdəndir. Bu kanallarda hətta süni intellektin yaratdığı videolar da var. Süni intellekt tərəfindən yaradılan və yalnız bir kanalda 18 000-dən çox baxış toplayan videolardan birində Ermənistandakı “Soyqırım” Memorialı Azərbaycan hərbi panteonuna, Şəhidlər Xiyabanına çevrilib, “Dirildən Ermənistan” memorial sütununun üstündə isə ulduz və aypara əks olunub. Müəlliflər videonun təsvirində onun süni intellekt tərəfindən yaradıldığını qeyd etməklə yanaşı, bildirir: “Rusiya ilə münasibətləri kəsmək və eyni zamanda Ermənistanı vilayətə çevirmək kimi axmaq və təhlükəli siyasət davam edərsə, ölkənin, bizim hamımızın başına nələrin gələcəyini” göstəririk”. Rusiya təbliğatını yayan bu kanallar Ermənistandakı “Avrasiya” və “Rusiya Humanitar Missiyası” təşkilatlarının birgə xeyriyyə aksiyalarını da fəal şəkildə işıqlandırır. Yeri gəlmişkən, “Avrasiya” idarə heyətinin Ermənistandan olan üzvü “Azadlıq” hərəkatının lideri, Rusiya təbliğatının yayılmasında fəal iştirak edən müxalif bloger Mika Badalyandır. Bir neçə həftə əvvəl BBC-nin araşdırması nəticəsində məlum olub ki, özünü xeyriyyə təşkilatı kimi təqdim edən “Avrasiya” Avropada seçkilərə müdaxilə etmək üçün Rusiya tərəfindən maliyyələşdirilən saxta xəbərlər şəbəkəsində də yer alıb. Şəbəkənin təşkilatçılarından biri olan Alina Juk təşkilatın saytında Avrasiyanın liderlərindən biri kimi göstərilib. Moldovada parlament seçkiləri ərəfəsində bu şəbəkə Moldova vətəndaşlarını “Telegram” və onlayn seminarlar vasitəsilə pul müqabilində işə cəlb edərək, onlara ölkənin Avropayönlü hakim partiyasını hədəf alan “Facebook” və “TikTok”da Rusiyayönlü təbliğat və saxta xəbərlər yerləşdirməyi tapşırıb. “Avrasiya” Moldovada vətəndaşlara rüşvət vermək və anti-Qərb təbliğatı aparmaq ittihamı ilə Böyük Britaniya, ABŞ və Avropa İttifaqının sanksiyaları altındadır. Erməni jurnalistlər də qeyd edirlər ki, artıq Rusiyanın internetin erməni hissəsində fəallaşdığı, məqsədyönlü informasiya kampaniyaları və dezinformasiya hücumları təşkil etdiyi görünür. “Civilnet”in “fakt-chekinq” şöbəsinin rəhbəri Ani Qriqoryan deyir: “Seçkilərə hələ bir neçə ay var, lakin biz özümüz artıq Ermənistan ictimaiyyətinin təsəvvürlərinə təsir etmək məqsədi daşıyan müəyyən xarici informasiya əməliyyatlarını, belə desək, hibrid əməliyyatları müşahidə edirik”. “Fakt-chekinq” platformasının baş redaktoru Hasmik Hambardzumyan əlavə edir: “Biz informasiya sahəsində böyük dezinformasiya axını, yalan məlumat, həmçinin yalan məlumatların yayılmasını müşahidə edirik”. Jurnalistlər son aylarda “Doppelganger” kimi tanınan üsuldan istifadə edərək bir neçə kampaniya aşkar ediblər. Onların müəllifləri məşhur Qərb KİV-lərinə bənzəyən saytlar yaradır və onlardan yalan məlumat yaymaq üçün istifadə edirlər. Hasmik Hambardzumyan qeyd edir: “Məsələn, tanınmış internet saytı BBC, “France24”, “Le Monde”, “New York Times” ola bilər, belə nüfuzlu saytları təqlid edə və müvəqqəti vebsaytlar yarada, həmin saytlar vasitəsilə öz istədikləri yalan məlumatı yaya bilərlər”. Ani Qriqoryan qeyd edir: "Əslində, bu saytların məhz konkret məqalələr üçün yaradıldığı hallar var. Orada başqa məqalələr olsa da, başqa saytlardan götürülür, bütün məqsəd bunu əsl media orqanı kimi göstərməkdir".

Media Təşəbbüsləri Mərkəzinin “media.am” saytının redaktoru Geqam Vardanyan deyir: “Son bir neçə ayda 4, bəlkə də 5 hadisə baş verib, rəqəmsal araşdırmalar izləri tapmağın çətin olduğunu göstərdi, lakin ümumi razılıq var ki, izlər əksər hallarda Rusiya istiqamətinə aparır”. Ani Qriqoryan isə vurğulayır: “Biz müşahidə edirik ki, onlar rusdilli “Telegram” kanalları vasitəsilə yayılır, üstəlik, hər halda, Rusiyanın Ermənistan mətbuatının bəzi seqmentlərinə müəyyən təsiri var. Onlar ya həmin KİV-lərdə görünür, ya da bir çox hallarda digər KİV-lər verilən xəbərin doğru olub-olmadığını yoxlaya bilməyib, yayırlar". Rəqəmsal dezinformasiya üzrə ekspert və Böyük Britaniyanın Kardiff Universitetinin professoru, həmçinin Ermənistan, Gürcüstan və Moldova kimi postsovet ölkələrində Rusiya dezinformasiyasının yayılmasına nəzarət edən Martin İnnes deyir ki, bütün hallarda, demək olar ki, eyni mexanizmlərdən istifadə olunur: “2024 və 2025-ci illərdə baş verənlərə nəzər salsaq, görərik ki, indi onlar daha çox akkauntdan istifadə edərək kampaniyaya daha erkən başlayırlar. Düşünürəm, bu kəşf elə vacibdir ki, insanlar ən azı başqalarının gəlib informasiya məkanını manipulyasiya etməyə çalışdıqlarından xəbərdar olsunlar. Ümumiyyətlə, müxtəlif ölkələrdə taktika və ssenarilər kifayət qədər oxşardır, lakin onlar yerli reallıqlara uyğunlaşdırılıb”. Britaniyalı ekspertin sözlərinə görə, təşkilatçılar bu cür kampaniyaları həyata keçirməzdən əvvəl ictimai rəy sorğularını, sosial şəbəkələrdə nüfuzlu şəxsləri, siyasi debatları və xəbərləri diqqətlə öyrənirlər. Martin İnnesin fikrincə, bu, ən məqsədyönlü və effektiv təbliğat üçün lazımdır: “Onlar Ermənistan, Moldova və ya Gürcüstanda istifadə oluna biləcək mövzuları, ətraflarında parçalanma və qütbləşmə hissi yarada biləcəklərini müəyyən etməyə çalışırlar. Bu problemlərin nə olduğunu müəyyən etdikdən sonra povestlər - videolar və mesajlaşma kampaniyaları hazırlamağa başlayırlar”. Ekspertlər parlament seçkiləri yaxınlaşdıqca informasiya kampaniyalarının daha da aqressivləşəcəyini və genişlənəcəyini istisna etmirlər. Hasmik Hambardzumyan qeyd edir: “Moldova təcrübəsini nəzərə alsaq, Ermənistanda da oxşar informasiya hücumlarını istisna etmək olmaz. Təbii ki, erməni sosial şəbəkələrində hansı hesabların bağlandığı, nələr edildiyi ilə bağlı təhlilimiz yoxdur, lakin biz hesab edirik ki, hazırkı yalan məlumatların və saxta məqalələrin dərci və yayılması məhz bu məqsədə xidmət edir”. Ani Qriqoryan vurğulayır: “Moldova seçkilərindən əvvəl bir sıra araşdırmalar aparıldı, məsələn, müxtəlif rus qüvvələrinin Moldova daxilində insanlara sosial şəbəkələrdən tutmuş müxtəlif etirazlarla bitən müəyyən təbliğat fəaliyyətlərində iştirak etmək üçün necə pul ödədiyini üzə çıxardı”. Geqam Vardanyan əlavə edir: “Biz gözləyirik ki, Ermənistanda təkcə “Telegram” deyil, həm də “TikTok” da cəmiyyətə dezinformasiya hücumlarının təşkili üçün istifadə olunacaq, mahiyyət etibarı ilə, təbii ki, süni intellektin də əlavə edilməsi ilə”. “Bot Blocker” layihəsi də bu yaxınlarda Ermənistan haqqında süni intellekt tərəfindən yaradılan dezinformasiya kampaniyası haqqında məlumat yayıb . Videolar Rusiyanın “Matryoshka” şəbəkəsi vasitəsilə yayılıb. Dezinformasiya kampaniyasını üzə çıxaran layihəyə görə, onlar real insanların və ehtimal ki, süni intellektdən istifadə edilərək yaradılmış səslərin əks olunduğu montaj edilmiş kadrlardan istifadə ediblər. Ekspertlər təkcə son aylarda Ermənistanla bağlı 60 belə video aşkar ediblər. Videoların son partiyası ötən həftə dərc edilib və onların bəzilərində 2026-cı ilin iyununda Ermənistanda keçiriləcək parlament seçkiləri əks olunub. İki postsovet ölkəsi olan Ermənistan və Moldova ilə yanaşı, Rusiyanın seçkilərə müdaxiləsi ilə bağlı ittihamlar Gürcüstan, Rumıniya, Polşa və Almaniyadan da gəlib. Kreml isə bu ittihamları qəti şəkildə rədd edir.

Tahir TAĞIYEV

Chosen
56
baki-xeber.com

1Sources