EN

"Kontakt Home"-dan şikayət:"Bir sifarişə görə 3 gün ərzində 5 fərqli cavab eşitmişəm"

Kənan adlı sosial şəbəkə istifadəçisi Feysbukda "Müştəriyəm, şikayətim var" qrupunda "Kontakt Home" mağazalar şəbəkəsi ilə bağlı narazılığını bildirib. Həmin paylaşımı olduğu kimi dərc edir, mağazanın mövqeyini də dərc etməyə hazır olduğumuzu bildirirk. 
"Kontakt Home ilə bağlı şikayətim var! (Digər qrupda paylaşanda silirlər)
1-ci gün Kontakt Home saytından həm klaviatura, həm də üzqırxan maşın sifariş etdim. Klaviaturanı Elmlər filialına, üzqırxanı isə ev ünvanıma çatdırılma ilə seçmişdim. Mənə dedilər ki, “klaviatura 2 gün ərzində filialda olacaq.”
3-cü gündən isə tam ziddiyyətli zənglər gəlməyə başladı. Birinci əməkdaş dedi ki, “üzqırxan maşın anbardan göndəriləndə defektli çıxıb, sifariş ləğv olunur, ödənişi filialdan geri ala bilərsiniz.” Soruşanda dəqiqləşdirdilər ki, söhbət üzqırxandan gedir, klaviaturadan yox.
Bir qədər sonra başqa əməkdaş zəng edib bildirdi ki, “klaviatura artıq Elmlər filialına çatıb, sabah gedib götürə bilərsiniz.”
Bu gün filialda isə mənə deyildi ki, guya klaviatura hələ gəlməyib. Müdir sadəcə “qeyd etdim, 5-ci gün gəlib götürərsiz” deyib, üzqırxan üçün pul məsələsini başqa əməkdaşa yönləndirdi. O da “kassadan götürərsiz” dedi. Kassaya yaxınlaşıb pulu ödədilər.
Amma filialdan çıxandan sonra yenidən zəng gəldi və bu dəfə dedilər ki, “səhvlik olub, əslində klaviatura yoxdur, üzqırxan gələcəkmiş.” Halbuki sistemdə üzqırxanın sifarişi rəsmi şəkildə ləğv olunmuşdu və kassadakı xanım da bunu təsdiqlədi. (sistem de gosterildiyi kimi onun odenishini etdi)
Bu qədər qarışıqlıq, yanlış məlumat və müştəriyə qarşı laqeyd münasibət qəbul edilə bilməz. Əgər məhsul yoxdur, açıq şəkildə deyin “anbarda bitib.” Amma bir gün “defektlidir”, bir gün “yoldadır”, sonra “bitib” demək müştərini çaşdırmaq və vaxtını almaqdan başqa bir şey deyil.
Defektli məhsulla anbarda olmayan məhsul tamam fərqli anlayışdır. Necə olur ki, defektli deyilən üzqırxan birdən-birə “gələcək məhsula” çevrilir?
Əməkdaşların bir-birindən xəbərsiz olması, hər kəsin fərqli məlumat verməsi ciddi təşkilati problemdir. Mən bir sifarişə görə 3 gün ərzində 5 fərqli cavab eşitmişəm. Bu nə normaldır, nə də müştəriyə hörmət.
Əgər özünüzü “etibarlı şirkət” kimi təqdim edirsinizsə, ən azı müştəriyə aydın, dürüst və dəqiq məlumat verin. İnsan sifariş edir, pulunu ödəyir, amma sonra günlərlə qeyri-ciddi yanaşmanın qurbanı olur. 
Kontakt Home-dan gözlədiyim, bu məsələyə aydınlıq gətirilməsi və gələcəkdə belə qarışıqlıqların təkrarlanmamasıdır. Müştəri sizin test obyekti deyil."
Chosen
76
yenilik.az

1Sources