EN

Yer kürəsinin ilk dövrlərinə aid qalıqlar tapıldı

BAKI, 24 oktyabr. TELEQRAF

Elm adamları onilliklər ərzində hesab edirdilər ki, ibtidai Yer kürəsi ilə Mars ölçülü bir cismin (hipotetik olaraq Teyanın) toqquşması nəticəsində yaranan nəhəng zərbə bizim planetimizin ilkin versiyasının, demək olar, bütün izlərini məhv edib.

Teleqraf xəbər verir ki, “Nature Geoscience” jurnalında dərc olunmuş yeni tədqiqat bunun əksini göstərir.

Həmin araşdırmaya görə, qədim Yerin qalıqları bu günə qədər mövcud ola bilər.

Tədqiqatçılar qrupu Qrenlandiya, Kanada və Havay adalarında lava süxurlarından götürülmüş qədim nümunələri təhlil ediblər. Nümunələrdə kalium izotoplarının anormal tərkibi, xüsusilə də müasir Yer süxurları ilə müqayisədə kalium-40 izotopunun çatışmazlığı (təxminən 4000 K temperaturda) aşkar edilib.

Alimlərin hazırladıqları modelə görə, Teya proto-Yer ilə toqquşduqda planet ərimiş və onun kimyəvi tərkibi kəskin şəkildə dəyişmişdi. Uzun müddət hesab olunurdu ki, ilkin maddənin əksər hissəsi ya məhv olub, ya da tamamilə yenidən emal edilib. Amma tapılmış nümunələr kimyəvi “barmaq izi” daşıyır, müəlliflərin fikrincə, bu iz həmin dövrdən bu günə qədər qorunub qala bilər.

Tədqiqat yalnız kimyəvi analizlə məhdudlaşmayıb, alimlər həmçinin kompüter modelləşdirməsi aparıblar. Onlar kalium izotoplarının nəhəng toqquşma və istilik prosesləri zamanı necə yenidən paylana biləcəyini simulyasiya ediblər. Modellərin nəticələri göstərib ki, tapılmış nümunələr nə adi geoloji proseslər, nə də meteoritlərin izləri ola bilər, ən məntiqli izah budur ki, bunlar proto-Yerin qalıqlarıdır.

Müəlliflər vurğulayıblar ki, ibtidai Yerin bu qalıqları planetimizin dramatik toqquşmadan əvvəlki tərkibi barədə unikal təsəvvür yaradır.

Sonda qeyd olunub ki, proto-Yerin kimyəvi quruluşunu öyrənmək yalnız Yer kürəsinin tarixi üçün deyil, həm də planetlərin formalaşması haqqında ümumi anlayışın inkişafı üçün mühüm əhəmiyyətə malikdir.

Chosen
53
teleqraf.com

1Sources