EN

QHT-lərin qarşılıqlı səfərləri ciddi təşəbbüsdür, ehtiyatlı davranmalıyıq - Rəy

Yazını böyüt
Yazını kiçilt

“Azərbaycan öz ərazilərini işğal altından azad edib və hal-hazırda müharibədən sonra sülh prosesinin başlanması, tərəflər arasında iqtisadi, siyasi və digər istiqamətdə münasibətlərin bərpası istiqamətində müzakirələr aparılır”.

Bunu Hafta.az-a Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib.

V.Oruc vurğulayıb ki, artıq Azərbaycan tərəf yüklərin tranzitinə icazə verdir. O, qeyd edib ki, bu barədə Azərbaycan Prezidenti özü də mediaya açıqlama verib:

“Yəni artıq Qazaxıstandan taxıl məhsulu tranzit olaraq Azərbaycan vasitəsilə Ermənistana yola salınıb. Bu onu göstərir ki, sülh danışıqları öz bəhrəsini verir. Ermənistan tarixi olaraq əldə etdiyi bu şansı düzgün dəyərləndirməli və Azərbaycan tərəfinin müharibədən sonra sülhün tam bərqərar olunması istiqamətində atdığı addımları cavabsız qoymamalıdır. Çünki bu, bölgədə sülhün uzunmüddətli və daimi təmin olunması istiqamətində çox ciddi əsasların yaradılması deməkdir. Düşünürəm ki, erməni tərəfi yəqin ki, bu tarixi şansı əldən qaçırmayacaq”.

QHT-lərin İrəvana səfərinə gəlincə, V.Oruc bu istiqamətdə vətəndaş cəmiyyətinin üzərinə düşən öhdəliklərin yerinə yetirməsi baxımından ediləcək səfərin hər iki cəmiyyətdə müharibədən sonrakı durumun öyrənilməsi və Qafqaz çatısı altında iki dövlətin bundan sonrakı münasibətlərinin necə tənzimlənməsinin mümkünlüyünü daha çox təftiş edəcək. Bu istiqamətdə bilgi alış-verişi olacaq ki, bu, hal-hazırda müharibədən sonra cəmiyyətlərin bir-birlərinə olan münasibətinin müəyyən edilməsi istiqamətində çox ciddi bir təşəbbüsdür:

“Eyni zamanda, biz bu istiqamətdə ehtiyatlı davranmalıyıq. Çünki hal-hazırda hakimiyyət sülh arzulayan və bu istiqamətdə konkret addımlar atmağı planlaşdırılan hakimiyyət olsa da, bir müddət əvvəl məhz bu hakimiyyətin ölkəmizə qarşı müharibə aparması və gələcəkdə yenə də eyni etimalların istisna olunmayacağı şübhəsizdir. Müharibə tərəfi, hal-hazırda müharibə istəyən siyasi güclər hələ də Ermənistanda mövcuddur. Onların xarici dəstəyi də var ki, istənilən vaxt Azərbaycana qarşı ərazi iddialarını yenidən aktuallaşdıra bilərlər. Bu da təbii ki, iki dövlət arasında müharibənin yenidən meydana gəlməsinə səbəb ola bilər. Bunun üçün Azərbaycanın hal-hazırda xarici siyasət doktrinası və həmin doktrinanın həyata keçirilmə istiqamətində praktiki fəaliyyət çox yüksək səviyyədə hazırlanmış addımlardan ibarətdir. Bu baxımdan, əminik ki, Azərbaycan dövləti olaraq bu prosesdə müharibənin yaratdığı situasiyanın tam bərqərar olunması, bölgədə əsas güc mərkəzi olaraq Azərbaycanın mövqelərinin qonşu dövlətlər tərəfindən nəzərə alınması, eyni zamanda bölgədə sülhün əsas təminatçısı kimi məhz Azərbaycanın çıxış etməsi hal-hazırda prioritet təşkil edən istiqamətlərdən biridir. Azərbaycan Prezidentinin də elan etdiyi kimi, bu gün Azərbaycan xarici siyasətinin əsas prioriteti türk dövlətləri ailəsidir”.

AQC sədri bildirib ki, hazırda siyasətimizin yönəlməsi məhz türk dövlətləri ilə iqtisadi, siyasi, hərbi əməkdaşlığımızın daha da inkişaf etdirilməsidir. Onun sözlərinə görə, bu kontekstdə Qafqaz türk dövlətləri əməkdaşlıq platformasında özünəməxsus əhəmiyyətə malikdir:

“Biz təbii ki, Qafqazın ən böyük dövləti olaraq digər dövlətlərlə münasibətlərin sülh və dostluq şəraitində davam etməsinə, dövlətlərin bir-birinə qarşı ərazi iddiaları ilə çıxış etməməsinə və dünya birliyində progressiv və sülhpərvər dövlət kimi yer tutmasında maraqlıyıq. Bu baxımdan hesab edirəm ki, QHT-lər arasında müəyyən əlaqələrin, müəyyən diskusiyanın aparılması, müəyyən əlaqələrin qurulması hazırki məhlədə Ermənistan cəmiyyətinin nəbzinin öyrənilməsi və eyni zamanda atılacaq addımlarda vətəndaş cəmiyyətinin iştirakının təmin edilməsi əhəmiyyətini daşıyır”.

Chosen
77
hafta.az

1Sources