Deputat qeyd edib ki, bu bir danılmaz faktdır ki, yalan və ya təhrif edilmiş məlumatlar təkcə fərdlərin deyil, bütövlükdə cəmiyyətin zərərinə işləyə bilər: "Bu gün informasiya müharibəsi adi silahlı qarşıdurmalardan daha gizli, lakin daha təhlükəlidir. Bu gün təəssüf ki, sosial şəbəkələrdə və müxtəlif platformalarda məsuliyyətsiz paylaşımlar etmək, yoxlanılmamış xəbərlər yaymaq adi hala çevrilib.
Bunu biz ən açıq şəkildə İkinci Qarabağ müharibəsi zamanı da gördük. Ölkəmizə qarşı hərbi əməliyyatlarla yanaşı, güclü informasiya müharibəsi də aparılırdı. O dövrdə bəzi saxta xəbərlər və yanlış paylaşımlar cəmiyyətin psixoloji durumuna təsir etmək, ordumuzun iradəsini zəiflətmək və xalqımız arasında çaşqınlıq yaratmaq məqsədi daşıyırdı. Lakin Prezident İlham Əliyevin qətiyyətli mövqeyi, dövlətimizin koordinasiyalı fəaliyyəti və doğru informasiya axınını təmin etməsi bu cəhdləri boşa çıxardı.
Bu gün də vəziyyət fərqli deyil. Regionda baş verən proseslər, qlobal güclərin maraqları, ölkəmizə qarşı təxribatçı kampaniyalar, deputat həmkarlarımız barəsində yayılan təhrif olunmuş məlumatlar bir daha göstərir ki, informasiya təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz hissəsidir.
Bu səbəbdən hər bir vətəndaşımız üzərinə düşən məsuliyyəti ciddi dərk etməli, paylaşdığı hər xəbərin mənbəyini yoxlamalı, yalnız rəsmi və etibarlı məlumatlara güvənməlidir.
Eyni zamanda təxribat xarakterli yazılara, saxta hesablardan yayılan məlumatlara alət olmamalı, özləri ilə yanaşı, ətraflarındakı insanları da informasiyadan düzgün istifadəyə təşviq etməlidirlər".
Deputat bildirib ki, informasiya silahı ya bizim gücümüzə güc qatır, ya da əleyhimizə çevrilir: "Seçim bizim əlimizdədir. Hər bir vətəndaşımız diqqətli olmalı, dövlətimizin maraqlarını, xalqımızın təhlükəsizliyini qorumağı ən ümdə vəzifəsi bilməlidir. Heç kimin ölkəmizin informasiya məkanını çirkləndirməsinə, qələbəmizə xələl gətirməsinə icazə verməməlidir".