EN

Milli Məclisin binası jurnalistlər üçün həbsxanaya çevrilib - əməkdar jurnalist

Milli Məclisin binası jurnalistlər üçün həbsxanaya çevrilib - əməkdar jurnalist

"Uzun müddətdir ki, Milli Məclisin plenar və komitə iclaslarında, həmçinin parlamentdə keçirilən digər tədbirlərdə iştirak edən jurnalistlər məhrumiyyətlərlə qarşılaşırlar. Bu problemin həlli üçün çox çalışsaq da, nəticə yoxdur. Əslində bu məhrumiyyətin mahiyyəti çox gülüncdür".

Bu fikirləri Əməkdar jurnalist, Real TV-nin baş redaktorunun müavini Mahir Məmmədli özünün sosial şəbəkə hesabında bildirib.

Onun sözlərinə görə, parlament binasına daxil olan media nümayəndələrinin telefonları əllərindən alınır:

"Milli Məclisə gələn jurnalist oradakı tədbirləri işıqlandırmaq üçün gəlir. Onun telefonunu əlindən almaq fəaliyyətinə mane olmaq deməkdir. Məndə olan məlumata görə, bu qərar Milli Məclis rəhbərliyinə yox, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəhbərliyinə məxsusdur. Bunu təhlükəsizliklə əlaqələndirmək olmaz. Çünki jurnalistlər istisna olmaqla hamı parlament binasına telefonla daxil ola bilir. Bu qadağa yalnız jurnalistlərə aiddir", – deyə jurnalist qeyd edib.

Mahir Məmmədli əlavə edib ki, bu vəziyyət media nümayəndələrini faktiki olaraq təcrid vəziyyətinə salır:

"Milli Məclisin binası jurnalistlər üçün həbsxanaya çevrilib. Onlar qapıdan keçdikləri anda ətrafla bütün əlaqələri kəsilir, gələn zəngləri, mesajları görmürlər. Xəstəsi olan jurnalist tədbir boyu mühafizə postunun yanında növbə çəkir ki, xəstəsindən gələ biləcək yaxşı, ya da pis xəbəri qaçırmasın", – o bildirib.

Əməkdar jurnalist həmçinin vurğulayıb ki, bu problemin aradan qaldırılması üçün nə Medianın İnkişafı Agentliyi, nə də Mətbuat Şurası indiyədək ciddi addım atmayıb:

"Təəssüf ki, uzun illərdir davam edən bu problemin həlli üçün heç bir təşəbbüs göstərilmir. Halbuki, hüquqları pozulan media nümayəndələrinin müdafiəsi ilə məhz bu qurumlar məşğul olmalıdırlar".

Chosen
16
10
afn.az

10Sources