Fransanın PSJ klubu ehtiyat qapıçı mövqeyini gücləndirmək üçün aktiv axtarışdadır.
90deqiqe.Az “Mash na sporte”yə istinadən xəbər verir ki, Paris təmsilçisinin əsas namizədi Portuqaliyanın “Braqa” klubunun qapıçısı Lukaş Qorniçekdir. Siyahıda həmçinin “Benfika”dan Anatoli Trubin, “Portu”dan Diogu Koşta və “Sportinq”dən Ruy Silva da yer alır.
Xəbərdə bildirilir ki, xüsusilə Diogu Koştanın transferi çətin görünür, çünki o, ehtiyat qapıçı statusu ilə razılaşmaq ehtimalı azdır.
Məlumata əsasən, yeni qapıçı axtarışının təşəbbüskarı PSJ-nin idman direktoru Luiş Kampuşdur. Məhz o, 2024-cü ilin yayında Matvey Safonovu “Krasnodar”dan 20 milyon avroya Paris klubuna gətirmişdi.
Klub rəhbərliyi rusiyalı qolkiperin başqa komandanın qapıçısı ilə dəyişdirilməsi və ya icarəyə göndərilməsi variantlarını da nəzərdən keçirir.
26 yaşlı Safonov ötən mövsümdə PSJ-nin heyətində 17 matçda meydana çıxsa da, cari mövsümdə hələ forma geyinməyib.