EN

Rusiya Paşinyanı devirməyə çalışır: Seçkilər hədəfdə – ÖZƏL

"Rusiya və Ermənistan arasında münasibətlər heç də həmişə rəvan getmir. Bəzən müəyyən yumşalmalar müşahidə olunsa da, zaman-zaman çox sərt qarşıdurmalar da baş verir. Əslində, bu münasibətlər hələlik əsasən polemika səviyyəsindədir, lakin bəzən real siyasət, yəni "realpolitik" müstəvisində də özünü göstərir".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafa deyib. Siyasi şərhçi bildirib ki, Paşinyan hazırda Rusiya ilə məsafə saxlamağa, ondan uzaqlaşmağa çalışır. O, Avropa, ABŞ, eləcə də Azərbaycan və Türkiyə ilə əməkdaşlığa daha çox meyilli və maraqlı tərəf kimi görünür, nəinki Rusiya ilə. Eyni zamanda Ermənistanda seçkilərlə bağlı hazırlıqlar gedir və Rusiya da bu prosesləri diqqətlə izləyir, müəyyən mənada öz siyasi hazırlıqlarını aparır.

"Paşinyan fürsətdən istifadə edərək, Rusiyanın Ermənistandakı təsir imkanlarını zəiflətməyə çalışır. Bu, təbii ki, Rusiyanın xoşuna gəlmir. Moskva da öz növbəsində Paşinyana qarşı müxtəlif təzyiqlər göstərir, onu bəzən gözdən salır, bəzən isə ümumiyyətlə ciddiyə almır. Digər tərəfdən, Rusiya Ermənistandakı öz uzantıları - siyasi qüvvələr, media və digər təsir vasitələri ilə fəal şəkildə işləyir. Bu da Paşinyanın narahatlığına səbəb olur. Beləliklə, bu mərhələdə Rusiya və Paşinyan arasında açıq və gizli mübarizə gedir. Bu, həm siyasi rəqabət, həm də təsir uğrunda mübarizədir", - deyə ekspert əlavə edib. 

Siyasi şərhçinin sözlərinə görə, Paşinyan hesab edir ki, region dövlətləri birləşərək Rusiyanın təzyiqlərinə qarşı ortaq mövqe formalaşdıra bilərlər. Təbii ki, bu yanaşma Kreml üçün qəbuledilməzdir. Xüsusilə də, Rusiyanın Ermənistandakı təmsilçilərinin sıxışdırılması, təsir imkanlarının azaldılması Moskvanı narazı salır.
Rusiya tərəfinin Paşinyana qarşı sərt ritorikası isə İrəvanı daha da incidir. Ümumilikdə, bu münasibətləri təhlil etsək, demək olar ki, Kreml Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması üçün əlindən gələni edir. Lakin hələlik buna nail ola bilmir.

Ekspert bildirib ki, görünür, Rusiya qarşıdakı seçkilər zamanı müəyyən siyasi gedişlər və konfiqurasiyalar vasitəsilə bunu reallaşdırmağa çalışacaq. Bu istiqamətdə Moskva keçmiş prezidentlərdən, Rusiyadakı erməni diasporundan, kilsədən və digər təsir rıçaqlarından fəal şəkildə istifadə edir. Məqsəd - Paşinyanı həm nüfuzdan salmaq, həm də parlament seçkilərində onu məğlub etməkdir.

"Kremlin bu planlarında nə dərəcədə uğur qazanacağı hələlik qeyri-müəyyəndir. Bununla belə, aydındır ki, Paşinyan da hər fürsətdə Rusiyaya qarşı addımlar atır, onun təsir imkanlarını məhdudlaşdırmağa çalışır.
Nəticə etibarilə, Rusiya ilə Ermənistan arasında münasibətlər hazırda gərginlik və qarşıdurma mərhələsindədir. Kreml Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq üçün bütün vasitələrdən istifadə etməyə çalışır, Paşinyan isə Ermənistanda Rusiyanın mövqelərini zəiflətmək üçün əlində olan bütün alətləri işə salır", - deyə Əli Mustafa sonda vurğulayıb.

Sevda Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
102
olaylar.az

1Sources