EN

Bərdənin Alpoud kəndində yerləşən heyvan bazarında monitorinq keçirildi

BAKI, 24 oktyabr. TELEQRAF

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA), Daxili İşlər Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmətlər Agentliyinin və Bərdə Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən Bərdə rayonunun Alpoud kəndində yerləşən heyvan bazarında monitorinq aparılıb.

Teleqraf xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Monitorinq zamanı heyvanların saxlanma şəraiti, ticarət prosesi, baytarlıq nəzarətinin təşkili, eləcə də dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirlərinin icra vəziyyəti qiymətləndirilib.Baxış zamanı heyvan sağlamlığına dair bir sıra tələblərin pozulduğu aşkarlanıb. Yerində aparılan yoxlamalar nəticəsində heyvan sağlamlığının qorunması və yoluxucu xəstəliklərin qarşısının alınması məqsədilə sahibkarlara müvafiq tövsiyələr verilib.

AQTA bildirir ki, epizootik sabitliyin qorunması, zoonoz və xüsusi təhlükəli xəstəliklərin yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində fəaliyyət göstərən heyvan bazarlarında 2025-ci il 25 oktyabr tarixindən etibarən mərhələli şəkildə müvəqqəti məhdudiyyətlər tətbiq olunacaq. Bu müddət ərzində bazar ərazilərində sağlamlaşdırma tədbirləri həyata keçiriləcək.
Qeyd edək ki, heyvan bazarlarında tələb olunan infrastruktur təmin edildikdən və baytarlıq-sanitariya tələblərinə uyğun şərait yaradıldıqdan sonra onların fəaliyyəti bərpa ediləcək.

Chosen
55
2
teleqraf.com

3Sources