EN

Tramp Bakıya səfər edə bilər - ABŞ prezidentləri tarixində ilk hadisə...


Azərbaycan son onilliklərdə təkcə Cənubi Qafqazda regional lider deyil, həm də Yaxın Şərq və Avropadakı maraqların kəsişməsində əsas oyunçu kimi ortaya çıxıb. Onun energetika sahəsindəki əhəmiyyəti, siyasi sabitliyi və əsas oyunçularla strateji tərəfdaşlığı Bakını regionda və ondan kənarda əsas proseslərə təsir göstərə bilən mühüm mərkəzə çevirir.

Bu fikirlər “Eurasianet” analitik nəşrinin məqaləsində yer alıb.

Məqalədə Azərbaycanın qlobal geosiyasi səhnədə artan təsiri vurğulanır: “Bakı öz təsirini yeni bir oyunçu kimi göstərmək imkanı qazanıb. Onun coğrafi mövqeyi bu Cənubi Qafqaz ölkəsinə regional enerji və təhlükəsizlik üzərində müstəsna təsir imkanı verir. Bu amillər, ABŞ-ın Yaxın Şərqdə yeni güc balansını formalaşdırmaq səylərində Azərbaycanın artan əhəmiyyəti fonunda Vaşinqtonun Bakı ilə əlaqələrini məhdudlaşdıran 907-ci düzəlişin ləğvi üçün əsas yaradır”. O da bildirilir ki, Azərbaycan prezidenti İlham Əliyevin Misirin Şarm-əş-Şeyx şəhərində keçirilən sülh sammitində iştirakı bir daha Bakının Vaşinqtonun Avrasiyanı və Yaxın Şərqdə inkişaf edən təhlükəsizlik arxitekturasını birləşdirən tərəfdaşı kimi artan nüfuzunu vurğulayır: “ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuper oktyabrın 18-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüşüb. Bu, adi görüş deyildi, çünki Azərbaycan CENTCOM-un deyil, ABŞ-ın Avropa Komandanlığının marağına daxildir. Bu görüş Vaşinqtonun regional koordinasiyasının genişlənməsinə işarə etdi”. Bundan əlavə, Azərbaycanın həm Türkiyə, həm də İsrail ilə sıx əlaqələri onu regional güc balansının formalaşmasında əsas oyunçuya çevirib. Qeyd edilir ki, Suriyada maraqları tez-tez fərqli olan bu iki əsas tərəfdaş arasında vasitəçilik etmək üçün Bakı xüsusən unikal mövqedədir. May-iyul aylarında Azərbaycan Türkiyə və İsrail arasında Suriya məsələsi ilə bağlı danışıqların üç raunduna yardım edib. Eyni zamanda, Azərbaycan Suriya keçid rəhbərliyi ilə əlaqələrini dərinləşdirib və bu, prezident Əhməd əş-Şaraanın 12-13 iyulda Bakıya səfəri ilə nəticələnib. Səfər zamanı tərəflər Azərbaycan qazının Türkiyə vasitəsilə Suriyaya ixracı ilə bağlı tarixi razılaşma imzalayıblar: “Bakının Türkiyə və İsrail arasında əsas vasitəçi kimi rolu ABŞ-nin maraqlarına birbaşa fayda verir və regional sabitliyi təmin etmək üçün Vaşinqtonun üzərinə düşən yükü azaldır. Azərbaycan, Ermənistan və ABŞ artıq Azərbaycanı İran sərhədi boyunca Ermənistanın cənubundan keçərək Naxçıvan anklavı ilə birləşdirən Tramp marşrutunun yaradılması üçün üçtərəfli saziş imzalayıblar. ABŞ-ın əsas prioriteti prezident Trampın 20 maddəlik planının bir hissəsi olaraq Qəzza zolağında vəziyyəti sabitləşdirməkdir. Ərəb və müsəlman ölkələri arasında Azərbaycan İsraillə ən yaxın strateji əlaqələrə malik ölkə kimi seçilir. Bu unikal mövqe həlledici əhəmiyyətli olacaq. CENTCOM-un komandanının Azərbaycana son səfəri Vaşinqtonun Bakının Yaxın Şərqdə inkişaf etməkdə olan təhlükəsizlik sistemi üçün artan əhəmiyyətini qəbul etməsini əks etdirir. Vaşinqton təhlükəsizlik və iqtisadiyyat sahəsində Azərbaycanla hərtərəfli tərəfdaşlığın qurulması üçün qətiyyətli hərəkət etməlidir”. Qeyd edilən fikirlərə Vaşinqtonda “Hudson” İnstitunun təşkilatçılığı ilə “ABŞ Cənubi Qafqazda: Yeni strateji imkanların müəyyənləşdirilməsi” mövzusunda keçirilən konfransda da xüsusi toxunulub.

“Hudson” İnstitutunda Yaxın Şərqdə Sülh və Təhlükəsizlik Mərkəzinin direktoru Mayk Doran Ağ evdə avqustun 8-də Azərbaycan, ABŞ və Ermənistan liderlərinin iştirakı ilə keçirilən görüşün təkcə uzun müddət münaqişə ilə yadda qalan regionda davamlı sülhü bərpa etmək üçün deyil, həm də Birləşmiş Ştatlar üçün yeni imkanlar yaratdığını bildirib. Onun sözlərinə görə, razılaşma Avropa, Yaxın Şərq və Mərkəzi Asiya arasında əlaqələri yenidən formalaşdıra biləcək fürsətlər doğurur: “Tramp administrasiyası başa düşür ki, Amerikanın maraqları baxımından Cənubi Qafqaz artıq kənar region deyil. Bu bölgə qlobal geosiyasətdə vacib nöqtəyə çevrilir. Ora dünyanın bütün böyük dövlətlərinin maraqlarının kəsişdiyi, bəzən yaxınlaşdığı, bəzən də toqquşduğu bir nöqtədir. Xüsusilə Azərbaycan ABŞ üçün mühüm tərəfdaş kimi seçilir. Bura Qərb üçün regionun böyük resurslarına və strateji yollarına qapıdır. Enerji qovşağı, tranzit dəhlizi, həmçinin Rusiya, Türkiyə və Xəzər hövzəsi arasında yerləşən təhlükəsizlik müttəfiqi kimi Bakı unikal rol oynayır”. ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, senator Stiv Dayns çıxış edərək sülh razılaşmasının Tramp administrasiyasının Cənubi Qafqazda sülh əldə etməyi prioritet hesab etdiyi vaxtda baş verdiyini deyib: “Azərbaycan - Ermənistan sülh sazişi diplomatik irəliləyişdir, həqiqətən, qarşılıqlı faydalı sülhməramlılıq nümunəsidir. Ermənistan, Azərbaycan və ABŞ daha firavan, vacib və təhlükəsiz gələcəyə doğru addımlayır və çalışır. Bakı dünyanın ən mühüm qaz və neft ffvixracatçılarından biridir”. Amerika Xarici Siyasət Şurasının vitse-prezidenti İlan Berman isə qeyd edir ki, Azərbaycan-Ermənistan sazişi ortamüddətli perspektivdə Cənubi Qafqazın tam inteqrasiyasına mane olan münaqişəni həll edəcək. O bildirib ki, indi söhbət Mərkəzi Asiya ilə Cənub Qafqaz arasında həqiqətən də regionlararası əməkdaşlıqdan gedir: “Bu razılaşma nəticəsində Cənubi Qafqaza qarşı yeni diqqət yaranıb”. “Hudson” İnstitutunun aparıcı eksperti Luk Koffi bildirib ki, ikitərəfli əlaqələrə yeni diqqət və enerji gətirməyin vaxtı çoxdan çatıb: “Avqustun 8-də prezident Trampın iştirakı ilə Ağ Evdəki görüş bu münasibətlər üçün yeni başlanğıc nöqtəsidir. Mən düşünürəm ki, iqtisadiyyat, biznes, ticarət, enerji və təhlükəsizlik kimi bir çox sahələrdə ABŞ və Azərbaycanın ortaq maraqları var. Ümid edirəm ki, bundan sonra iki ölkə arasında daha sıx əməkdaşlığın şahidi olacağıq”. Ekspert qeyd edib ki, bu münasibətləri növbəti mərhələyə qaldırmaq üçün ən vacib və eyni zamanda ən asan addımlardan biri prezident Trampın Azərbaycana səfəri olardı: “Hələ heç bir ABŞ prezidenti Azərbaycana səfər etməyib. Eyni zamanda, dövlət katibi Rubio da səfər etsə, çox yaxşı olardı. Axırıncı dəfə ABŞ-ın o zamankı dövlət katibi Hillari Klinton 2012-ci ildə Azərbaycana getmişdi. Beləliklə, atıla biləcək ən təcili addım bölgəyə səfərlərin başlanması və iki liderin bir araya gələrək bu münasibətləri inkişaf etdirməyin ən doğru yolunu müəyyənləşdirməsidir”.

Nahid SALAYEV

Chosen
28
4
baki-xeber.com

7Sources