EN

Əlcəzair Xalq Demokratik Respublikasının Azərbaycandakı səfiri Biləsuvarın qonağı olub

Biləsuvar Rayon İcra Hakimiyyətində Əlcəzair XDR-in ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Zəkiyyə İğıl ilə görüş keçirilib. Görüşdə rayon icra hakimiyyətinin başçısı Faiq Qürbətov Biləsuvarın tarixi, adət-ənənələri, mədəni həyatı, əhalinin məşğulluq vəziyyəti, aqrar sahənin inkişafı istiqamətində həyata keçirilən layihələr və görülən tədbirlər barədə səfirə ətraflı məlumat verib.

Xanım səfir çıxışında iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin getdikcə möhkəmləndiyini, beynəlxalq tədbirlər çərçivəsində Azərbaycan və Əlcəzairin bir-birinə dəstək nümayiş etdirdiyini vurğulayıb. O, Azərbaycanın regionlarında müşahidə olunan sosial-iqtisadi inkişafın, şəhərlərin müasirləşməsinin və insanların qonaqpərvərliyinin ona dərin təəssürat bağışladığını qeyd edib.

Səfər çərçivəsində xanım səfir Heydər Əliyev Mərkəzini ziyarət edərək Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olub. Daha sonra o, bir qrup müəllimlə görüşərək təhsil sahəsində fikir mübadiləsi aparıb.

Səfir həmçinin "Prime Cotton" MMC-nin pambıq sahəsini ziyarət edərək pambıq yığımı ilə məşğul olan qadınlarla görüşüb və sahədə xanımlarla birgə pambıq yığıb.

Səfirin növbəti səfəri Mübariz İbrahimov adına bağça-məktəb-lisey kompleksi olub. Kompleksin pedaqoji heyəti və şagirdlərlə görüşən xanım Zəkiyyə İğıl gələcəkdə Azərbaycan və Əlcəzair arasında təhsil və mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

Səfər proqramı çərçivəsində xanım səfir "Karvan" restoranında Əlcəzairin milli mətbəxini təbliğ edən kulinariya üzrə master-klassa da qatılıb.

Seyran CAVADOV, 

"Azərbaycan"

1Sources