Albaniyanın Elbasan şəhərində "Balkan, Anadolu, Qafqaz və Türküstan coğrafiyası, incəsənət, mədəniyyət, tarix və folkloru" mövzusunda V Beynəlxalq Konfrans və sərgi keçirilib.
Konfransda Azərbaycan, Türkiyə, Albaniya, Moldova, İtaliya, Özbəkistan, İran, İraq, Belarus, Rumıniya, Macarıstan, Şimali Makedoniya, Kosova və digər ölkələri təmsil edən 100-dən çox alim və tədqiqatçı elmi məruzələrlə çıxış ediblər. Tarix üzrə fəlsəfə doktoru Fariz Xəlillinin "Qədim Qəbələ - UNESCO-nun Dünya İrsi Siyahısına namizəd göstərilmiş unikal arxeoloji şəhər", Qubadakı Soyqırımı Memorial Kompleksinin direktoru, tarix üzrə fəlsəfə doktoru Rəxşəndə Bayramovanın "Böyük Ermənistan xülyası" uğrunda daşnaklar tərəfindən türk-müsəlmanlara qarşı həyata keçirilən Quba soyqırımı (aprel-may 1918-ci il)" məruzələri maraqla qarşılanıb. "Avey" Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru, tarix üzrə fəlsəfə doktoru Səadət Əliyevanın "Damcılı mağara düşərgəsində arxeoloji təkamül və mədəni davamlılıq", "Keşikçidağ" Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Musa Mursaquliyevin "Keşikçidağ ərazisində yerləşən Yovşanlıdərə kurqanlarının arxeoloji tədqiqi", "Çıraqqala-Şabran" Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Günel Pirquliyevanın "Çıraqqala: tarixi-arxeoloji tədqiqatlar və bərpa-konservasiya təhlilləri" məruzələri də bir çox tarixi gerçəkliyin üzərinə işıq salıb.
Sonda iştirakçılara sertifikatlar təqdim edilib. Konfrans iştirakçıların Elbasan qalası və Elbasan Etnoqrafiya Muzeyinə ekskursiyaları ilə yekunlaşıb.
Akif ƏLİYEV,
"Azərbaycan"