Rusiyada ötən il qəbul edilən və telefon dələduzluğuna qarşı mübarizəni hədəfləyən qanunvericiliyə əsasən, bir şəxsə məxsus pasport üzrə maksimum 20 ədəd sim-kart qeydiyyatına icazə veriləcək.
Bu çərçivədə mobil operatorlar noyabr ayından etibarən limiti aşan sim-kartları bloklamağa başlayacaqlar.
"Cebheinfo.az" xəbər verir ki, abunəçilər 1 noyabra qədər ehtiyac duymadıqları və ya istifadə etmədikləri sim-kartları ləğv etdirməlidirlər.
Əgər bir abunəçinin adına qeydiyyatda olan sim-kartların sayı 25-i keçərsə, operator artıq olan kartların xidmətini dayandıracaq. 20 ədədlik limitə endirmə prosesi isə bloklamalarla davam edəcək. Mövcud qanunda limitin aşılması halında hansı sim-kartların “artıq” sayılacağına dair dəqiq açıqlama yoxdur.
Lakin sahə üzrə mütəxəssislər bildirirlər ki, son qeydiyyatdan keçmiş və ya istifadə olunmayan kartların bloklanması gözlənilir.
“Mobile Research Group”dan Eldar Murtazin deyib:
“Heç kim istifadəçidən soruşmayacaq. Ən son qeydiyyatdan keçirdiyiniz və ya istifadə etdiyiniz sim-kartlar bloklanacaq və say 20-yə endiriləcək. İstifadəçinin edə biləcəyi yeganə şey, hansı kartları saxlamaq istəyirsə, artıq olanları öz təşəbbüsü ilə ləğv etdirməkdir”.
Vətəndaşlar öz adlarına qeydiyyatda olan bütün sim-kartları “Gosuslugi” (Dövlət Xidmətləri) portalının “Profil” bölməsində görə bilirlər. Siyahıda olan xarici və ya istifadə olunmayan nömrələr portal vasitəsilə ləğv edilə bilər.
Daxili İşlər Nazirliyi əsas istifadə olunan nömrənin siyahıda görünmədiyi halda, həmin nömrənin köhnə pasportla qeydiyyatdan keçmiş ola biləcəyini və operatora məlumat yeniləməsi üçün müraciət edilməli olduğunu bildirib.
“TMT Consulting” şirkətinin baş direktoru Konstantin Ankilov bloklama meyarlarının dəqiqləşdirilməsinin vacibliyini vurğulayaraq deyib:
“25 kartı olan bir şəxsdən hansı 5 kartın bloklanacağı bəlli deyil. Məntiqə görə, istifadə olunmayan və ya “yatmış” kartların bloklanması operatorların da marağındadır.
20 sim-kartın adi bir şəxs üçün şəxsi ehtiyaclarla izah edilməsi çətindir. Bu tənzimləmə çox güman ki, bu kartlardan iş məqsədilə istifadə edənlərə və ya dələduzluqla məşğul olanlara qarşı yönəlib”.
Dövlət Dumasının sədri Vyaçeslav Volodin ilin əvvəlində 20-dən çox aktiv nömrəsi olan təxminən 25 min rusiyalının olduğunu açıqlamışdı.
“Tele2” operatoru isə verdiyi açıqlamada bildirib ki, hər bir sim-kart üçün istifadəçinin şəxsiyyət məlumatlarının təsdiqləndiyi müqavilə imzalanır və abunə zamanı kart sayı yoxlanılır.
20 ədədlik limit bütün operatorlar üçün keçərlidir və dövlət sistemləri vasitəsilə nəzarət olunur.
“Tele2” operatoru həmçinin abunəçiləri arasında bu limiti aşan heç kimin olmadığını da əlavə edib.