EN

Rusiya “TRİPP dəhlizi” üzrə ABŞ-Ermənistan dialoqundan bərk qıcıqlanıb...


Azər Həsrət: “Rusiya 8 avqustda Vaşinqtonda Zəngəzur dəhlizi ilə bağlı əldə edilən razılaşmanı həzm edə bilmir”

Rusiya və Ermənistan arasında yüksək səviyyəli dialoqda “Tramp yolu” (Zəngəzur dəhlizi) məsələsi müzakirə olunur. Bu barədə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin bildirib.

“Əlbəttə, bu məsələ yüksək səviyyəli dialoq çərçivəsində qaldırılır. Elə bir mövzudur ki, bu, qaldırılmaya bilməz. Ermənistan rəhbərliyinin (Baş nazir Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyanın) bu məsələnin yalnız ABŞ-la müzakirə olunduğu barədə bəyanatlarını xatırlatmaq istərdim. Amma bu mövzu vacibdir və əlbəttə, bizim yüksək səviyyəli dialoqumuzda da öz əksini tapmaya bilməz”, - rusiyalı diplomat vurğulayıb.

Kopırkin həmçinin qeyd edib ki, Moskvanın müxtəlif siyasi səviyyələrdə səslənən fundamental mövqeyi regionda real sülhə, vəziyyətin sabitləşməsi və çiçəklənməyə aparan istənilən addımı dəstəkləməkdir: “Tramp yolu” adlanan marşruta gəlincə, əməliyyat detalları və mexanizmləri haqqında daha konkret məlumat gözləyirik. Əvvəlcə bunun konkret olaraq nə olduğunu anlamalıyıq”.

Bir daha xatırladaq ki, Zəngəzur dəhlizi Ermənistan ərazisindən keçir. Dəhlizə ABŞ şirkəti nəzarət edəcək. Belə olan halda İrəvanın bunu Moskva ilə detallı müzakirəsinə ehtiyac varmı? Kopırkin niyə belə inadkar mövqe sərgiləyir?

Sözügedən məsələni baki-xeber.com-a şərh edən siyasi ekspert Azər Həsrətin fikrincə, Rusiya 8 avqustda Vaşinqtonda Zəngəzur dəhlizi ilə bağlı əldə edilən razılaşmanı həzm edə bilmir: “Səfir Kopırkinin bu canfəşanlığı bununla əlaqədardır. Ermənistanın cənubundan keçəcək ərazi bu ölkəyə məxsusdur və bunu dünya qəbul edib. Bu yol Azərbaycanın əsas ərazisindən Naxçıvana doğru gedir. Yəni burada iki dövlətin ərazisindən söhbət gedir. Bu isə o deməkdir ki, bunun üçüncü dövlətə dəxli yoxdur. Sadəcə olaraq Birləşmiş Ştatlar bu məsələdə öz köməyini təklif edib. Ermənistan da öz suveren hüquqlarından istifadə edərək ABŞ-la razılaşıb, Zəngəzur dəhlizinin keçdiyi yeri bu ölkənin şirkətinə icarəyə verəcək. Göründüyü kimi, burada Rusiyalıq heç nə yoxdur. Ancaq bunlar hər fürsətdə müdaxilə etməyə çalışırlar. Düşünürlər ki, kimsə yerindən dursa, hərəkət etsə, nəsə düşünsə Moskvadan mütləq icazə almalıdır və onları məlumatlandırmalıdır. Hesab edirəm ki, bu, həyasızlığın son həddidir. Ona görə də düşünürəm ki, Ermənistan, Azərbaycan və onlarla bərabər ABŞ sözü bir yerə qoyub Rusiyanı ümumiyyətlə prosesdən, bölgədən uzaqlaşdırmalıdılar. Nə qədər ki Rusiya burada olacaq, problemlər bitən deyil. Nə qədər tez Rusiya bölgədən çıxıb gedəcək, onda Ermənistanla Azərbaycan, Ermənistanla Türkiyə arasında heç bir problem olan deyil. Xatırlatmaq istəyirəm: Rusiya sülhməramlıları bölgəni tərk etdikdən sonra Azərbaycanla Ermənistan bir-birinə bir dəfə də olsun güllə atmayıb. Bir dəfə də olsun aramızda münaqişə yaranmayıb. Bu isə ondan xəbər verir və təsdiqləyir ki, bizim aramızda ən böyük problem Rusiyanın Cənubi Qafqazda mövcudluğudur. Harada Rusiya var, orada qan, münaqişə, müharibə, kin, nifrət var. Ona görə də hesab edirəm ki, Azərbaycan və Ermənistan ABŞ-la birlikdə Zəngəzur dəhlizi məsələsində Rusiyanı ümumiyyətlə kənar tutmalıdılar. Moskvanın bura müdaxiləsinə imkan verməməlidilər”.

Vidadi ORDAHALLI

Chosen
65
baki-xeber.com

1Sources