Starex kargo şirkəti ilə bağlı daha bir narazılıq sosial şəbəkələrdə gündəmə gəlib.
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, müştəri bildirir ki, Türkiyədən gətirdiyi bağlamanın dəyəri sistemdə səhvən 52 dollar əvəzinə 520 dollar kimi qeyd olunub. Bu isə bağlamanın gömrükdə saxlanılmasına səbəb olub.
Müştərinin sözlərinə görə, ona əvvəlcə bildirilib ki, guya bağlamada eynicinsli məhsullar çox olduğu üçün gömrükdə yoxlamaya yönləndirilib. Lakin invoys tələb edildikdə, həmin sənəddə də məbləğin səhv göstərildiyi ortaya çıxıb. Müştəri dəfələrlə Starex müştəri xidmətlərinə müraciət etsə də, cavab almaq üçün uzun müddət gözləməli olub.
Sonda müştəri məcburiyyət qarşısında kargo terminalına gedərək, bağlamanı uzun prosedurdan sonra yalnız saxlama və anbar ödənişlərini də əlavə şəkildə ödəməklə təhvil ala bilib.
Şikayətçi bildirir ki, məsələ həll olunduqdan və bağlama gömrükdən çıxarıldıqdan sonra Starex tərəfindən ona düzgün invoys göndərilib. Lakin şirkət nə baş vermiş səhvə görə üzrxahlıq edib, nə də məsuliyyəti üzərinə götürüb.
