“Arctic LNG 2” layihəsinin yükləri Beixai limanı üzərindən dünya bazarına çıxarılır...
Poliqon The Wall Street Journal nəşrinə istinadən xəbər verir ki, ABŞ və müttəfiqlərinin Rusiya energetikasını iflic etməyə yönələn məhdudiyyətlərinə baxmayaraq, Moskva “Arctic LNG 2” layihəsindən maye təbii qaz ixracını davam etdirir və bunun üçün Çinin Beixai (Bəihay) limanını əsas tranzit qovşağı kimi istifadə edir.
Avqustdan bəri zavoddan ən azı 11 tanker yola salınıb və bu marşrut sanksiya altında olan rus qazı üçün yeni logistika xəttinə çevrilib. Analitiklərin qiymətləndirməsinə görə, sxem həm Çin iqtisadiyyatına ucuz enerji, həm də Rusiya büdcəsinə davamlı valyuta axını gətirdiyi üçün hər iki tərəf üçün sərfəlidir.
Rəsmi Vaşinqton layihəni dayandırmaq üçün avadanlıq tədarükünü və logistik zənciri bloklamağa çalışsa da, Rusiya köhnə gəmilərdən və t. n. “kölgə donanmasından” yararlanaraq məhdudiyyətləri dolanıb. Çində qəbul əməliyyatları China Oil & Gas Pipeline Network adlı dövlət şirkətinin idarə etdiyi terminal vasitəsilə həyata keçirilir; bu operatorun dollar sistemindən nisbətən asılı olmaması ikinci dərəcəli sanksiya risklərini aşağı salır. Böyük Britaniya terminala qarşı artıq sanksiya tətbiq edib və onu “Rusiya energetikasını dəstəkləyən struktur” adlandırıb, Pekin isə birtərəfli sanksiyalara beynəlxalq-hüquqi əsas olmadığı üçün qarşı çıxır.
Bununla belə, ixracın fasiləsizliyi tam təmin olunmayıb: Rusiya tanker çatışmazlığı ilə üzləşir, üstəlik qərb turbinlərinin Çin istehsalı avadanlıqla əvəzlənməsi güc itkilərinə səbəb olur. Yenə də Çin siyasi riskləri nəzərə almadan alışları davam etdirir və bu, ekspertlərin fikrincə, ABŞ-ın Rusiyaya qarşı yeni enerji sanksiyalarının real effektivliyini sual altına qoyur.
Müşahidəçilər bildirirlər ki, Beixai üzərindən qurulan marşrut Asiya bazarlarında MTQ axınlarını tədricən yenidən paylayır: Avropa məhdudiyyətləri fonunda Rusiya yükləri Şərqə yönləndirir, Çin isə endirimli qiymətlərdən yararlanaraq daxili tələbi ödəyir və yenidən ixrac imkanlarını genişləndirir. Bu tendensiya qlobal enerji bazarında geosiyasi risklərin artdığını və sanksiya arxitekturasının adaptasiya sürətinin hələ də məhdud olduğunu göstərir.
Poliqon.info