
Böyük Britaniyada 2007-ci il istehsalı olan “Range Rover” hərraca çıxarılıb.
Yeniavaz.com xəbər verir ki, premium ərazi avtomobili Kraliça II Yelizavetaya məxsus olub və kraliça onu dəfələrlə idarə edib.
Kraliça II Yelizavetanın avtomobilinin 50.000-60.000 funt-sterlinqə (66.500-80.000 dollar) satılacağı gözlənilir.
Hərracla bağlı təfərrüatlar “Iconic” auksion saytında açıqlanıb.
Britaniya kral ailəsi və şəxsən Kraliça II Yelizaveta uzun müddət “Land Rover” məhsullarının pərəstişkarı olublar. Bu baxımdan, kral qarajında çoxlu sayda “Land Rover” ərazi avtomobilləri var.
Bu ərazi avtomobili kral ailəsi üçün 2007-ci ildə alınıb.
Kraliça II Yelizaveta konkret olaraq bu avtomobildən “Kral At Şousu”na səyahət etmək və Sandringem Sarayını ziyarət etmək üçün istifadə edib.
Bu “Range Rover” Britaniya brendinin modellərinin lüks versiyalarını istehsal edən “Special Vehicles” tərəfindən təkmilləşdirilib.
Tutacaqlar Kraliça II Yelizavetanın minib-düşməsini asanlaşdırmaq üçün xüsusi olaraq quraşdırılıb.
“Range Rover”in interyeri dəri və ağacdan işlənib.
Avtomobil 272 at gücünə malik 3,6 litrlik turbodizel V8 mühərriki ilə təchiz edilib.
Qeyd edək ki, “Range Rover”in hazırkı sahibi onu gündəlik istifadə üçün alıb. Lakin nömrəsini yoxladıqdan sonra avtomobilin II Yelizavetaya məxsus olduğunu müəyyən edib.
Xatırladaq ki, Kraliça II Yelizaveta 8 sentyabr 2022-ci ildə vəfat edib.


 
                        
                    