EN

Mebel emalatxanasında yanğında ittiham edilən şəxslər məhkəmədə ifadə verib

“Bakı Ağac Emalı” Açıq Səhmdar Cəmiyyətinin (ASC) ərazisində yerləşən mebel emalatxanasında 10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən partlayışla bağlı təqsirli bilinən şəxslərin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər ifadə verib.

Tağı İbrahimov ifadəsində bildirib ki, onun partlayışla əlaqəsi yoxdur: “Bizi yanğında, partlayışda ittiham edirlər. Zavodda yanğın yox, birbaşa partlayış olub. Mən oranı icarəyə vermişdim. Cavabdeh şəxslər icarəyə götürənlər olmalıdır. Vergi ilə bağlı 693 min manatı ödəməyə razı olmasam da, yenə də ödədim. Ədliyyə nazirliyinin ekspertizası da məbləğin doğru olmadığını təsdiqləyib. Zərərçəkənlərin, rəhmətə gedənlərin də xərclərini mən qarşılamışam. Zərərçəkən kimi ümumilikdə 1 milyon, 500 min ödəniş istəyib övladları üzərindən alver aparanlar var. Bu ödənişi mən etməməli idim, amma etmişəm. Ümid edirəm ki, ədalətli hökm oxunar".

O, əlavə edib ki, onlara obyektdə yanğın təhlükəsizliyi ilə bağlı heç bir irad bildirilməyib: "İcarəyə verdiyim dövrdə fövqəlada halların qarşısının alınması ilə bağlı daha əvvəl tədbirlər görmüşük. Müqavilə üzrə yanğına sex rəisləri cavabdehdir. Hadisə baş verəndə mən Bakıda deyildim.

Daha əvvəl də vergi yoxlamaları aparılıb. Amma heç bir irad edilməyib”.

Toğrul Rzayev isə bilidirib ki, onun vəzifəsi icarə pullarını yığmaq olub: “Zavod ərazisində restoran açılacaqdı, o məqsədlə Türkiyədən Azərbaycana gəldim. Daha sonra restoran işi ləğv edildi. Mənim vəzifəm orada icarə pullarını yığmaq və sexləri siyahıya almaq olub. Pulların yığılması ilə 3 il məşğul olmuşam. Həftədə 4 dəfə sexə gəlirdim. Bunun qarşılığında 1000 manat maaş almışam. Partlayış olan gün mən Naxçıvanda olmuşam. Prokurorluğa da öz istəyimlə getmişəm”.

Daha sonra Tağı İbrahimovun vəkili vəsatətlə çıxış edərək yanğın təhlükəsizliyi və partlayışla bağlı ekspertizanın yenidən aparılmasını və vergi hesablamaları ilə bağlı ekspert rəyinin yenidən aparılmasını xahiş edib.

Chosen
22
3
aznews.az

10Sources