EN

Çin ilə ABŞ arasında iqtisadi-ticari məsələlər üzrə konsensus əldə olunub

Malayziyanın paytaxtında iki gün davam edən danışıqlardan sonra Çin və ABŞ nümayəndə heyətləri müvafiq ticarət və iqtisadi məsələlərin həlli üçün razılaşmalar barədə konsensus əldə ediblər.

"Sinxua" agentliyi yazır ki, Çin Baş nazirinin müavini He Lifen şənbə və bazar günləri Kuala-Lumpurda ABŞ Maliyyə Naziri Skott Bessent və Birləşmiş Ştatların ticarət nümayəndəsi Ceymison Qrin ilə görüşüb.

O, görüşdən sonra Çin-ABŞ iqtisadi-ticari münasibətlərinin mahiyyətinin qarşılıqlı faydalı olduğunu, hər iki ölkənin əməkdaşlıqdan qazanc əldə etdiyini, qarşıdurmadan isə uduzduğunu bildirib.

Bu ilin əvvəlindən bəri iki dövlət başçısının telefon danışıqları zamanı əldə etdiyi mühüm konsensusa əsasən, tərəflər arasında qarşılıqlı maraq doğuran əsas ticarət və iqtisadi məsələlər, o cümlədən ABŞ-nin Çinin dənizçilik, logistika və gəmiqayırma sənayesi ilə bağlı Ticarət Qanununun 301-ci maddəsi çərçivəsində başlatdığı istintaqın həlli tədbirləri, tariflərin dayandırılmasının uzadılması, fentanil ilə əlaqəli tariflər və onların tətbiqi, kənd təsərrüfatı ticarəti və ixrac nəzarəti üzrə əməkdaşlıq barədə səmimi, dərin və konstruktiv fikir mübadiləsi aparılıb.

Hər iki tərəf konkret detalları müəyyənləşdirmək və bir-birinin daxili təsdiq prosedurlarına əməl etmək barədə razılığa gəlib. He Lifen qeyd edib ki, Çin-ABŞ ticarət əlaqələrinin sabit inkişafının qorunması iki ölkənin və xalqlarının ümumi mənafeyinə xidmət edir, həmçinin beynəlxalq ictimaiyyətin maraqlarına uyğundur. O, iqtisadi və ticari fərqlər, habelə çəkişmələr ilə bağlı hər iki tərəfin qarşılıqlı hörmət, dinc yanaşı yaşama və qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə riayət etməli, bərabər əsasda dialoq və məsləhətləşmələr aparmalı və bir-birinin narahatlıqlarına əsaslanaraq vəziyyəti düzgün həll etməyin yollarını tapmalı olduğunu bildirib.

Çin rəsmisi vurğulayıb ki, iki ölkə arasında iqtisadi-ticari məsləhətləşmələr üzrə çətin qazanılmış nəticələri qorumaq üçün Pekin və Vaşinqtonun birgə səyləri tələb olunur. O, həmçinin ABŞ-ı Çinlə daha sıx qarşılıqlı fəaliyyətə, iki dövlət başçısının telefon danışıqları zamanı əldə etdikləri vacib konsensusu, eləcə də bu il keçirilən ikitərəfli ticarət danışıqlarının nəticələrini həyata keçirməyə, etimadı daha da gücləndirməyə, fikir ayrılıqlarını idarə etməyə və Çin-ABŞ ticarət və iqtisadi münasibətlərini daha yüksək səviyyəyə qaldırmağa çağırıb.

Amerika tərəfi isə ABŞ ilə Çin arasındakı iqtisadi-ticari əlaqələrin dünyada ən təsirli ikitərəfli münasibət olduğunu vurğulayıb və fikir ayrılıqlarını düzgün şəkildə həll etmək, əməkdaşlığı dərinləşdirmək və ortaq inkişafı təşviq etmək üçün Pekin ilə bərabərlik və hörmət ruhunda işləməyə hazır olduğunu bildirib.

Hər iki tərəf Donald Tramp və Si Cinpinin strateji rəhbərliyi ilə Çin-ABŞ iqtisadi-ticari məsləhətləşmələri mexanizmindən tam istifadə edəcəkləri, müvafiq ticarət və iqtisadi narahatlıqlar barədə sıx ünsiyyət saxlayacaqları, münasibətlərin sağlam, sabit və davamlı inkişafını təşviq edəcəkləri, hər iki ölkənin xalqlarına fayda gətirəcəkləri və qlobal rifaha töhfə verəcəkləri barədə razılığa gəlib.

Chosen
3
2
xezerxeber.az

3Sources