EN

Ramiz Mehdiyevə "ittihamlar" haqqında nə məlumdur? 6 suala cavabda

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

Hakimiyyətə yaxın media Prezident Adminstrasiyasına uzun illər rəhbərlik etmiş Ramiz Mehdiyevin cinayət məsuliyyətinə cəlb olunduğunu yazsa da, hələlik rəsmi dövlət orqanları bunu təsdiqləməyib.

Amma bu xəbərin təkzibi də yoxdur: nə rəsmi dövlət orqanları, nə də Ramiz Mehdiyevin özü tərəfindən.

Ramiz Mehdiyev, hakimiyyətyönümlü mətbuatın iddiasına görə, hansı cinayət maddələri ilə ittiham olunur? Ramiz Mehdiyevin bu ittihamlara cavabı varmı? Niyə rəsmi məlumat yoxdur?

BBC News Azərbaycanca bu və bu kimi suallara cavab tapmağa çalışıb.

Ramiz Mehdiyev barəsində hansı iddialar irəli sürülür?

Hakimiyyətə yaxın media orqanları, o cümlədən dövlət büdcəsindən maliyyələşən İctimai TV-nin yaydığı xəbərlərdə bildirib ki, Ramiz Mehdiyevə qarşı "dövlət çevrilişinə cəhd, dövlətə xəyanət və çirkli pulların yuyulması" ittihamları irəli sürülüb.

Onun barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçildiyi iddia olunur.

Xəbərlərdə qərarın Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən verildiyi bildirilir, lakin BBC bu məlumatı məhkəmədən dəqiqləşdirə bilməyib.

Başqa bir məlumatda iddia olunur ki, Dövlət Təhlükəsizliyi Xidməti Ramiz Mehdiyevlə bağlı cinayət işi başlamazdan xeyli əvvəl, "avqust ayında kompleks əməliyyat-texniki tədbirlərinə başlayıb, müxtəlif ünvanlarda axtarışlar keçirib və bu axtarışla bağlı məhkəmə qərarı" olub.

BBC Ramiz Mehdiyevin vəkilindən reaksiya ala bilməyib.

Dövlət Təhlükəsizlik Xidməti də BBC-nin soğrusunu hələ cavablandırmayıb.

APA xəbər agentliyinin yazdığı başqa bir məqalədə iddia olunur ki, Ramiz Mehdiyev "Rusiyanın dəstəyi ilə dövlət çevrilişi etməklə bağlı plan hazırlayıb və bunu öz kanalları vasitəsilə Rusiyaya təklif edib".

Bu iddiaya görə, Ramiz Mehdiyev Azərbaycanla Rusiya arasında münasibətlərdə yaranmış gərginlik dövründən "faydalanmağa çalışıb".

İki ölkə arasında münasibətlər 2024-cü ilin dekabrında Azərbaycan təyyarəsinin Rusiya səmasında vurulmasından sonra gərginləşmişdi.

Ramiz Mehdiyev hakimiyyətə yaxın mediada "Azərbaycanda "beşinci kolona" rəhbərlik edən" şəxs kimi xarakterizə olunub. O, məqalələrdə "ölkədə korrupsiyanın şaxələnməsində, biznesə total nəzarətdə, rüşvətxorluqda, ölkənin müdafiə qabiliyyətini zəiflətməyə, sosial-iqtisadi vəziyyəti ağırlaşdırmağa, Azərbaycan iqtisadiyyatını xaosa sürükləməyə cəhddə" ittiham edilib.

Ramiz Mehdiyevin bu ittihamlara reaksiyası bəlli deyil. Lakin Ramiz Mehdiyev 2019-cu ildə İlham Əliyevlə görüşündə deyib ki, "Çalışmışam ki, mənim rəhbərlik etdiyim sahələrdə bütün işlər yürüdülən siyasətə uyğun olsun. Mənim fəaliyyətimdə dövlətçilik prinsipi bütün dövrlərdə ümdə olub".

Niyə rəsmi məlumat yoxdur?

Ramiz Mehdiyevlə bağlı səslənən ittihamlarla bağlı hələ də rəsmi açıqlama və ya təkzib olmaması bir neçə faktorla izah edilir.

BBC Azərbaycancanın danışdığı təhlilçilər məsələni "mürəkkəb" hesab edir və deyirlər ki, dövlət orqanları "ehtiyatlı davranmağı" seçə bilər.

Ehtimallardan biri belədir ki, ittihamlarda Rusiyanın adı hallanır və bu ittihamların media vasitəsi ilə ortaya atılması həm də "Rusiyanın nəbzini yoxlamaq" üçündür.

"Hakimiyyətin davranışında ilk dəfədir ki, belə hal müşahidə olunur: mətbuatda Təhlükəsizlik Şurasında təmsil olunmuş bir şəxsə qarşı ağır ittihamlar səslənir, amma nə DTX, nə digər dövlət qurumları, nə də ölkənin birinci şəxsi hər hansı açıqlama verir", - siyasi şərhçi Elman Fəttah deyir.

Onun fikrincə, hələ də məsələyə rəsmi münasibətin olmaması səbəbi "hakim ailədə iradə müxtəlifliyidir" və İlham Əliyev "əldə etdiyi məlumatlara" reaksiya verməyə tələsmir.

BBC Prezident Adminstrasiyası ilə əlaqə saxlaya bilməyib.

Milli təhlükəsizlik məsələləri üzrə şərhçi İlham İsmayıla görə, rəsmi məlumatın verilməməsi, sadəcə, istintaq-əməliyyat məsələsi də olar bilər: "İstintaq işində elə nüanslar ola bilər ki, sübutları kimisə dindirmək yolu ilə yox, əməliyyat yolu ilə əldə etməyə üstünlük verilə bilər".

Ramiz Mehdiyevin son ittihamlara cavabı varmı?

Prezident Adminstrasiyasının keçmiş rəhbəri inadla susur. O, barəsində mediada səslənən, ağır hesab edilə bilən ittihamlara heç bir münasibət bildirməyib.

Lakin bundan əvvəl, koronavirus pandemiyası dövründə kütləvi toplaşma məhdudiyyətlərinə rəğmən nəvəsinə toy eləməsi ilə bağlı mediada ona qarşı hakimiyyət yönlü mediada tənqidlər səslənəndə, Ramiz Mehdiyev yazdığı məqalə ilə cavab vermişdi.

Həmin vaxt Ramiz Mehdiyev artıq Prezident Adminstasiyasının rəhbəri vəzifəsindən azad edilmişdi, Elmlər Akademiyasının prezidenti idi.

Sonrakı illərdə də hakimiyyətyönümlü mediada üzləşdiyi ittihamları cavabsız buraxmamışdı.

Ramiz Mehdiyev hansı qurumlarda təmsil olunur?

Prezident Adminstrasiyasındakı postunu 2019-cu ildə itirsə də, Ramiz Mehdiyev dərhal prezident fərmanı ilə Təhlükəsizlik Şurasının (TŞ) üzvü olmuşdu.

Son ittihamlardan sonra Prezident Əliyevin onun TŞ-nın üzvlüyündən çıxarılması ilə bağlı fərman verdiyi iddia edildi.

BBC internet resurslarında, o cümlədən president.az saytında belə bir sərəncam və ya fərmanla bağlı məlumat aşkarlamayıb.

Təhlükəsizlik Şurasının saytında üzvlərin siyahısı olan bölmə son ittihamlar ortaya çıxandan bir müddət sonra boş qalıb.

BBC Azərbaycanca TŞ-na bununla bağlı sual ünvanlasa da, cavab almayıb.

Ramiz Mehdiyev həm də Elmlər Akademiyası və YAP Veteranlar Şurasının üzvüdür.

BBC nə Elmlər Akademiyası, nə də YAP-ın mətbuat xidməti ilə əlaqə saxlaya bilib.

İlham Əliyev Ramiz Mehdiyev haqqında nə deyib?

2019-cu ildə, o, Prezident Adminstrasiyasının rəhbəri vəzifəsindən azad edilərkən Prezident İlham Əliyev onu Heydər Əliyev ordeni ilə təltif etmişdi.

Həmin vaxt Ramiz Mehdiyevi qəbul edən İlham Əliyev xatırlatmışdı ki, Mehdiyevi hələ gənc yaşlarından Heydər Əliyev önəmli vəzifələrə təyin edib və ona "böyük inamı" olub.

İlham Əliyevə görə, Ramiz Mehdiyev hər zaman Heydər Əliyevə sadiq olub.

Prezident deyib ki, Ramiz Mehdiyevin ölkənin "uğurlu, hərtərəfli inkişafında çox böyük və danılmaz rolu" var və Mehdiyev "həmişə dövlətçiliyi hər şeydən üstün tutub".

Oktyabrın 24-də President.az saytında İlham Əliyevin Ramiz Mehdiyevi qəbul etməsindən hazırlanan yazının olduğu səhifə artıq tapılmayıb.

BBC bununla bağlı Prezident Adminstrasiyası ilə əlaqə saxlaya bilməyib.

87 yaşlı Mehdiyev niyə bu qalmaqalla üzləşib?

Ramiz Mehdiyev hələ Prezident Adminstrasiyasının rəhbəri olarkən oxşar ittihamlarla üzləşib: amma o vaxt bu ittihamları hakimiyyət tənqidçiləri, müstəqil media səsləndirirdi.

Bəs niyə artıq bütün dövlət və ya seçkili vəzifələrindən uzaqlaşdırılan Mehdiyev hakimiyyətyönümlü mediada bu ittihamlarla üzləşib? 87 yaşlı pensiyaçının dövlət çevrilişi etmək cəhdi nə qədər perspektivli ola bilər?

Siyasi şərhçi Elman Fəttaha görə, ortada yetərli qədər məlumat olmadığı üçün səslənən versiyaların hansının həqiqətə uyğun olduğunu müəyyənləşdirmək çətindir.

Amma onun fikrincə, Mehdiyevin "hakimiyyətdaxili klanlar arasındakı keçmiş fəaliyyətinə görə, ondan qisas alınması fürsəti yaranmış" ola və ya həqiqətən də Rusiya-Azərbaycan münasibətlərində yaranmış gərginlikdən "kimlərsə istifadə etmək fikrinə düşə, hətta Kreml də buna həvəs göstərə bilərdi".

Amma Elman Fəttah onu da vurğulayır ki, Ramiz Mehdiyev Prezident Adminstrasiyasından çıxarılması ilə artıq zərərsizləşdirilmişdi və keçən 6 il ərzində ondan hər hansı əks-həmlə müşahidə edilməyib.

Elman Fəttah hesab edir ki, Mehdiyevə ünvanlanmış bu ittihamlar bir müddət sonra "unutdurula", ya da həbslər başlaya bilər. "Hətta həbslər müxalifət düşərgəsinə də sıçraya bilər", - o ehtimal edir.

BBC-nin danışdığı bəzi digər təhlilçilər isə güman edirlər ki, yaxın vaxtlarda ittihamların rəsmi təsdiqi olacaq və bu zaman qaranlıq aydınlığa çıxacaq: "Ramiz Mehdiyev həqiqətənmi dövlət çevrilişi hazırlayıb, yoxsa yox".

Chosen
30
bbc.com

1Sources